2021-ci ilin dövlət büdcəsi necə xərclənəcək?




"2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat məbləğində proqnozlaşdırılır".



Bunu iqtisadçı alim Qubad İbadoğlu Maliyyə Nazirliyinin 2021-ci il üçün dövlət büdcəsi ilə bağlı açıqladığı ilkin parametrlərləri şərh edərkən deyib.

Ekspert bildirib ki, 2021-ci ildə gəlirər cüzi artırılır, xərclər azaldılır: "2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 57,3 faizi və ya 13 milyard 950 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377 milyon manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 milyard 200 milyon manatını Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 milyard 750 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 35 ABŞ dollarına bərabər götürülür. Büdcənin xərcləri 25 milyard 847 milyon 500 min manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci ilin büdcəsi ilə müqayisədə 1 milyard 644 milyon 700 min manat azdır. Xərclərin 18 milyard 106 milyon 600 min manat və ya 70,1 faizini cari xərclər, 5 milyard 389 milyon 100 min manat və ya 20,8 faizini əsaslı xərclər, 2 milyard 351 milyon 800 min manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir".

Qubad İbadoğlu qeyd edib ki, 2021-ci ildə dövlət büdcəsinin kəsiri 1 milyard 520 milyon 500 min manat məbləğində proqnozlaşdırılır:

"2021-ci ilin dövlət büdcəsini 100 manat səviyyəsində qəbul etsək, onun 16 manat 70 qəpik iqtisadi fəaliyyətə, 15 manat 30 qəpik müdafiə və milli təhlükəsizliyə, 14 manat 60 qəpik sosial müdafiə və sosial təminata, 12 manat 40 qəpik təhsilə, 12 manat 40 qəpik ümumi dövlət xidməti xərclərinə, 8 manatı məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa, 7 manat 90 qəpik səhiyyəyə, 5 manat 20 qəpik əsas bölmələrə aid edilməyən xidmətlərə, 3 manat 60 qəpik kənd təsərrüfatına, 1 manat 70 qəpik mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlərə, 1 manat 10 qəpik mənzil və kommunal təsərrüfatı və 1 manat 10 qəpik isə ətraf mühitin mühafizəsinə xərclənəcək. 2021-ci ildə dövlət büdcəsinin kəsiri 1 milyard 520 milyon 500 min manat məbləğində proqnozlaşdırılır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu