Ordusu məhv olan Ermənistan muzdlularla qalib gələcəyini düşünür


Ermənistan ötən əsrin 90-cı illərində olduğu kimi, muzdlu döyüşçülərdən və “diaspor könüllüləri”ndən savaşda istifadə praktikasını indiki müharibəyə də tətbiq etməkdədir. Artıq dünya mətbuatının nüfuzlu nəşrlərində və sosial şəbəkələrdə bu barədə müxtəlif ölkələrdən müharibədə iştirak üçün Qarabağa gəlmiş döyüşçülərin öz dilindən xeyli informasiyalar var. “France 24”, “Reuters”, “Associated Press”, “Kommersant”, “Liberation” kimi nəşrlər də bu barədə yazılar dərc olunur.



Əslində, Ermənistan rəsmilərinin tez-tez Azərbaycanı Suriyadan muzdlu terrorçuları döyüşmək üçün Qarabağa gətirməkdə ittiham etməsinin də məlum suçluluq psixologiyasından doğan “qabaqdangəlmişlik” olduğu üzə çıxır. Məsələn, “France 24”də dərc olunmuş materialda 28 yaşlı Fransa vətəndaşı Sipan Muradyanın muzdla Xocavənd istiqamətində döyüşdüyü öz əksini tapıb. Bundan başqa, Fransadakı erməni diasporunun başqa üzvlərinin də muzd qarşılığında Azərbaycana qarşı döyüşlərdə iştirak etdiyi məlum olur. Təkcə Fransadan deyil, dünyanın müxtəlif ölkələrindən erməni diaspor təşkilatlarının koordinasiyası əsasında həm erməni əsilli, həm də digər etnik mənsubiyyətləri olan xarici ölkə vətəndaşlarının Qarabağa gətirildiyi şübhə doğurmur.

Yeri gəlmişkən, böyük erməni icmasının məskunlaşdığı Livandan da Qarabağa döyüşməyə gələn muzdlular haqqında xeyli məlumat var. Livan vətəndaşı olan erməni əsilli opera müğənnisi Kevork Hacıyan döyüşlər zamanı ölüb. Ermənilərin yığcam yaşadığı Ancar bölgəsindən onlarla erməni Qarabağa gedib. Ancarlılar həmçinin külli miqdarda maliyyə vəsaiti toplayaraq Ermənistan ordusunun yardım fondlarına köçürüblər. Livan parlamentinin deputatı, ermənilərin bu ərəb ölkəsində fəaliyyət göstərən ən böyük siyasi partiyasının sədri Akop Baqratunyan da Livandan Ermənistana və Dağlıq Qarabağa gedən muzdluların olduğunu gizlətməyib. Ermənistanda xaricdən gələn muzdlulara təlim keçən hərbçi Karapet Ağacanyan da hazırda təlim keçdiyi təkcə bir qrupda 20 Livan vətəndaşı olduğunu bildirib.

Ümumiyyətlə, paytaxt Beyrutdakı erməni kvartalında ictimai ab-hava olduqca gərgindir və küçələrdə Azərbaycan və Türkiyə əleyhinə şüarların qraffiti təsvirlərinə, divarlara yapışdırılmış plakatlara rast gəlmək adi haldır. İqtisadi böhran və son partlayışdan sonra Livan ermənilərinin bir qismi Ermənistana üz tutub və Dağlıq Qarabağda qanunsuz şəkildə yerləşdirilib. Onların arasında da döyüşlərdə iştirak edənlərin sayı çoxdur. Vartkes onlardan biridir və o da müxbirlərə muzd qarşılığında döyüşdüyünü etiraf edib.

Bu arada Rusiya da döyüşlərdə iştirak edən muzdluların vətənləri arasındadır. Çeçenistan və Cənubi Osetiya müharibələrində təcrübə toplayan muzdlu kazaklar da Qarabağda vuruşur. Onlardan biri 1 500 ABŞ dolları qarşılığında Ermənistanın tərəfində silah tutduğunu boynuna alıb. Bundan başqa, “Kommersant” nəşri Rusiyadakı erməni diasporunun üzvlərindən döyüşçülərə təlim keçmək üçün Ermənistana yollanan Vahan adlı şəxslə müsahibə dərc edib. Onun dəstəsinin üzvlərinin də xeylisi Rusiya vətəndaşlarıdır. “Reuters” Ermənistan Müdafiə Nazirliyi rəsmisinə istinadən qeyd edir ki, aktiv hərbi əməliyyatlar başlayandan indiyədək ABŞ-dan Argentinaya qədər onlarla xarici ölkədən diaspora xətti ilə yüzlərlə muzdlu Qarabağa gəlib. Fransanın “Liberation” qəzeti isə ASALA terror təşkilatının üzvü olan 64 yaşlı Fransa vətəndaşı Gilbert Minasyanın cinayətkar qruplaşmasını da özü ilə birgə Qarabağa aparması barədə yazı dərc edib.

Bütün faktlar onu göstərir ki, Ermənistan müharibədə bütün resurslarla bərabər, ordunun canlı qüvvəsini də əhəmiyyətli dərəcədə itirib və əsgər qıtlığı mövcuddur. Kütləvi fərrarilik və vətəndaş itaətsizliyi də Ermənistanı belə qanunsuz yollara əl atmağa vadar edən amillərdəndir. Beynəlxalq hüquqa görə xarici ölkə vətəndaşlarının başqa ölkələrdə muzd qarşılığında döyüşlərə cəlb olunması cinayətdir. Bu cinayətin ortaqları təkcə muzdlular və Ermənistan dövləti yox, həm də vətəndaşları muzdlu qismində döyüşən ölkələrin hüquq-mühafizə orqanlarıdır. Öz vətəndaşlarının cinayətkar əməllərinə görə həmin ölkələr də məsuliyyət daşıyır və bir çox hallarda belə cinayətlərə göz yumulması, şüurlu şəkildə şərait yaradılması müşahidə olunur. Əks təqdirdə sosial şəbəkələr üzərindən açıq dəvət çağırışları edən, ödəniş şərtlərini açıq yazan, əlaqə vasitələrini də publik şəkildə paylaşan diaspor nümayəndələrinə qarşı hər hansı hüquqi tədbirlərin şahidi olardıq. Lakin Müzəffər Azərbaycan Ordusunun nizami bölmələri qarşısında Ermənistanın nizami silahlı qüvvələri dayana bilməyibsə, hər hansı başıpozuq muzdlu dəstələrə, terrorçu qruplara və qanunsuz silahlı birləşmələrə ümid bəsləmək əbəsdir. Azərbaycan haqq savaşını tezliklə zəfərlə başa vuracaq və Ermənistan bu kimi qanunsuz əməllərinə, hərbi cinayətlərinə görə gec-tez cavab verməli olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu