İsrailin Bakıdakı səfiri: “Bibisi ağlayaraq Artura kömək etməyimi xahiş etdi”


İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncəyə atılan raket zərbəsi nəticəsində qətlə yetirilən 13 yaşlı mülki vətəndaş Artur Mayakov və onun üçün kömək istəyən dostu barədə təsirli hekayəni paylaşıb.



Qaynarinfo xəbər verir ki, bu barədə öz tvitter hesabında paylaşım edən Corc Dik Gəncəyə edilən raket hücumundan sonra yaralanan Artur Mayakovun dostunun ona yaxınlaşdığını və ondan Arturu xilas etmək üçün kömək istədiyini bildirib.

"İsrailin Azərbaycandakı səfiriyəm. 12 ildir diplomatam. Mən ümumiyyətlə vədlərimi yerinə yetirirəm, amma bu vədə əməl edə bilmədim.

Bir-iki həftə əvvəl raketlərin vurulmasından sonra Gəncə şəhərini ziyarət etdim. Yaşayış sahələrinə dəymiş ziyana baxmaq üçün getmişdim. Bir çox yerli sakin üzücü hekayələrini paylaşmaq üçün mənimlə danışmağa gəlmişdi. Sonra təxminən 12 yaşında bir oğlan mənə yaxınlaşdı.

O, İsrailin yaxşı həkimləri olduğunu eşitdiyini söylədi. İsrailin xəstəxanada olan dostunu xilas edə bilib-bilməyəcəyini soruşdu. Bibisi mənə şəkillər göstərdi. Gözlərində yaş var idi. "Xahiş edirəm, o bombardman nəticəsində yaralanıb, xəstəxanada komadadır. O, yaxşı uşaqdır, ona kömək edin”,- dedi.

Dərindən təsirləndim. Mən kömək edəcəyimə söz verdim. Oğlanın adını götürdük, Artur Mayakov idi. Elə həmin axşam nə edə biləcəyimizə baxmağa başladıq. Ancaq sözümü tuta bilmədim. İki gün sonra Artur aldığı xəsarətlərdən vəfat etdi. Onun 13 yaşı var idi. Ürəyim qırıldı.

Bir neçə gün əvvəl Bakıdakı Rus Pravoslav kilsəsinə getdim. Artur üçün dua etdim və şam yandırdım. Verdiyim sözə əməl etmədiyim üçün bağışlanmağımı dilədim. Ruhun rahat olsun, Artur. Qoy bu bölgənin uşaqları daha dinc bir gələcək yaşasınlar”,- deyə səfir yazısında qeyd edib.

Xatırladaq ki, 17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin "SCUD” tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç həkimlərin səylərinə baxmayaraq oktyabrın 24-də stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. A. Mayakov Gəncəyə bibisigilə qonaq gəlmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu