Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? - FOTO
Xankəndində yaşayan ermənilər keçmiş deputat, iş adamı Əsabil Qasımova məxsus “Karmen” un məhsullarından istifadə edirlər.
Rusiya Müdafiə Nazirliyinin yaydığı fotodan belə qənaətə gəlmək olar. Bu fakt sosial mediada paylaşılıb. Rusiya Müdafiə Nazirliyi tərəfindən qeyd olunur ki, Xankəndində həyat öz axarına qayıdıb. Sonra foto yerləşdirilib.
Şəkildən görünən budur ki, Ə.Qasımovun “Karmen” un kisələri ermənilərin istifadəsindədir.
Amma bu məhsullar Xankəndinə necə gedib bilinmir. Ümumiyyətlə, bilinmir ki, humanitar yardımdır, ya biznesdir.
Qeyd edək ki, Əsabil Qasımov Azərbaycandan kənarda özünə geniş biznes yaradıb. Sabiq deputatın 2010-cu ildən Qazaxıstanda taxıl kombinatı fəaliyyət göstərir. Qazaxıstanın ən böyük taxıl istehsalçısı olan Kustanay vilayətinin Fyodrovka rayonunda yerləşən 4 iri kombinatdan biridir. Günlük taxıl qəbulu, qurudulması və təmizləmə gücü 6000 ton təşkil edir. “ДЖАРКУЛЬСКИЙ ЭЛЕВАТОР”-un əsas səhmdarları deputata məxsus “Karat”, “Karmen”, “Aveta” və “Gəncə Dəyirman” məhdud məsuliyyətli cəmiyyətləridir. Digər səhmdarlar arasında fiziki şəxslərdən Əsabil Qasımov Qarakişi oğlu, oğlu Taleh Qasımov, deputatın qardaşları Eyyub Qasımov, Teyyub Qasımov, Elxan Qasımov, Səxavət Qasımov, Ataş Qasımov, Səxavət Qasımov və digər qohumları da var. Həmin məhsulların Qazaxıstandan Ermənistana, oradan isə Xankəndində yaşayan ermənilərə çatdırılması istisna deyil. Əsabil Qasımovun Gürcüstanda 2-3 min hektarlarla torpaq sahəsinin olduğu deyilir. “Karmen” MMC-nin istehsal etdiyi un və un məhsulları məhz Gürcüstan vasitəsilə düşmən ölkə olan Ermənistanda satışa çıxarıla bilər. Deputatın bu məsələdən məlumatlı olub-olmadığını deyə bilməsək də, aydınlıq gətirəcəyini gözləyirik. (Reportyor.info)