Sosial proqramlarda şəhid ailələri və qazilərimizə üstünlük veriləcək
"Özünüməşğulluq və digər sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizə üstünlük veriləcək və kvotalar artırılacaq”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimizin işlə təmin olunması da sosial siyasətin əsas hədəflərindəndir:
"Azərbaycan canlarını ərazi bütövlüyümüz yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bu gün bir dəqiqəlik sükutla yad etdi. Qələbəmizin əldə edilməsinə görə şəhidlərimizə borcluyuq. Artıq Azərbaycan üçün yeni mərhələ başlayır. Bu mərhələdə şəhid ailələrinin və eləcə də savaş qazilərimizin sosial təminatının daha da gücləndirilməsi əsas prioritetlərdən olacaq. Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi üçün 20 istiqamət üzrə birbaşa ödənişlər və güzəştlər həyata keçirilir. Bura şəhid ailələrinə 11 min manatlıq sığorta ödənişdən başlayan şəhid ailələrinə xərclənən vəsaitin müvafiq mərkəzi və yerli büdcələr, pensiya və müavinətlərə çəkilən xərclərin isə Dövlət Sosial Müdafiə Fondu və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilməsinədək müxtəlif tədbirlər aiddir”.
Vüqar Bayramov qeyd edib ki, məşğulluğa yönəlik sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakının daha da genişləndirilməsi üçün həmin vətəndaşlarımıza xüsusi güzəştli kateqoriya olaraq ayrıca qeyd edilməsi məqsədəuyğundur:
"Bütövlükdə, ölkəmiz üçün başlanan yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimiz üçün dövlət proqramları ilə yanaşı fərqli ictimai təşkilatların reallaşdırdığı layihələrin də genişləndirilməsinə ehtiyac var. Bu, hər birimizdən xüsusi diqqət və qayğı tələb edir”.