Ölkə üzrə 1500-ə yaxın rezident məzun olub


Azərbaycanda yüksək ixtisaslı tibbi kadr hazırlığında müstəsna əhəmiyyət daşıyan rezidentura təhsilinə 2011-ci ildən start verilib. 2013-cü ildən başlayaraq Azərbaycan Tibb Universiteti rezidentura üzrə ilk məzunlarını buraxmağa başlayıb. İndiyədək respublika üzrə 1454 rezident məzun olub. Bu barədə Rezidentlərin VIII Elmi-Təcrübi Konfransında (ATUREK-8) məlumat verilib. Konfransın məqsədi tibbin müxtəlif sahələrini əhatə edən müasir bilikləri paylaşılması və müzakirə edilməsindən ibarətdir.



Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş onlayn ATUREK toplantısında açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, indiyədək məzun olan 550-dən çox rezident məhz Azərbaycan Tibb Universitetini 40 ixtisas üzrə bitiriblər: “Məzun rezidentlərimizin əksəriyyəti respublikamızın müxtəlif bölgələrində müasir diaqnostika mərkəzlərində və xəstəxanalarda həkim kimi çalışır, bir qismi isə kafedralarımızda elmi-tədqiqat işləri və pedaqoji fəaliyyətlə məşğul olurlar. ATU-da təhsil alan rezidentlər arasında Rusiya, İran, Türkiyə, Qazaxıstan, İordaniya, Gürcüstan, Əfqanıstan və digər xarici ölkə vətəndaşları da var. Bununla yanaşı, hər il təxminən 70-80 nəfər rezidentimiz xarici ölkələrdə, o cümlədən, Türkiyə, Almaniya, İsveç, Fransa, Amerika Birləşmiş Ştatları, İran və digər ölkələrin klinikalarında 4-10 ay müddətində rotasiyalarda olur, müxtəlif konfrans və seminarlarda iştirak edirlər. Artıq bütün ixtisaslar üzrə bizim məzunlarımız var və onlar ölkəmizin müxtəlif klinikalarında və bəziləri kafedralarda assistent və doktorant kimi uğurla fəaliyyət göstərirlər”.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli ATUREK iştirakçılarını Azərbaycan ordusunun qazandığı möhtəşəm qələbə münasibətilə təbrik edərək indi diqqəti digər savaşa – koronavirusla mübarizəyə yönəltməyin vacib olduğunu da bildirib. Rektor qeyd edib ki, il boyunca Azərbaycan Tibb Universitetinin klinikaları və həkimləri pandemiya ilə mübarizənin ön sırasında olaraq, bu aylar ərzində yüzlərlə insanı həyatını xilas ediblər, minlərlə insanı sağlamlığını qovuşdurublar və indi də bu layiqli və şərəfli savaşı davam etdirirlər. Professor G.Gəraybəyli ölkəmizdə fəaliyyət göstərən bütün bazalardan olan rezidentləri ATUREK-8-in işində fəal iştirak etməyə çağıraraq, onlara və rəhbərlərinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən ATU-nun rezidentura şöbəsinin müdiri professor Nailə Sultanova qeyd edib ki, gənc ixtisasçı həkimlərin həm elmi cəhətdən və həm də təcrübi cəhətdən tam formalaşmaları üçün elmi praktik konfransların keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, ATUREK-9-in də böyük önəmi var. Professor N.Sultanova Tibb Universitetinin Klinikalarında rezidentlərin uğurlu təhsili və praktiki fəaliyyəti yaradılan hərtərəfli şərait haqqında geniş məlumat verib. Həmçinin COVİD-19-la amansız savaşda ATU rezidentlərinin də aktiv iştirakı, peşəkar həkimlərlə yanaşı onların da xəstəliklə mübarizə aparmasından, xəstələrə yüksək səviyyədə qulluq etdiklərindən danışıb. N.Sultanova ATU-nun professor-müəllim heyətinin, tələbələr, rezidentlər və magistrlərinin indiki mürəkkəb və çətin bir dövrdə üzləşdiyimiz hər bir sınaqdan uğurla çıxacağından əminliyini bildirib.

Sonra ATUREK-8 konfransında təqdim olunan elmi işlər təqdim olunur. Qeyd edək ki, bu il konfransa 28 ixtisas üzrə 128 elmi iş təqdim edilib. Həmçinin, rezidentlərlə yanaşı, ATU-da təhsil alan magistrlər tərəfindən də 30 elmi iş təqdim olunub.

Konfransda o cümlədən “COVİD-19-la mübarizədə Rezidentlərin rolu”, “COVİD-19-un differensial diaqnostikası”, “COVİD-19-a yoluxmuş xəstələrin ağırlıq dərəcələrinin qiymətləndirilməsi” kimi aktual mövzular ətrafında ATU-nun aparıcı əməkdaşlarının müzakirələri aparılıb. Konfransda təbabətin aktual problemlərinə dair elmi-tədqiqat işləri səsli şəkildə dinlənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu