Azərbaycanda mutasiyaya uğramış virus qeydə alınsa hansı addımlar atılacaq?
Bunu "Report"a açıqlamasında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib.
Onun sözlərinə görə, mutasiyaya uğramış yeni növ virus Azərbaycanda da aşkar edilərsə, onun diaqnostikası COVID-19-dakı kimi aparılacaq: "Eyni metod tətbiq ediləcək. Sadəcə, ola bilər xəstəlik sürətli şəkildə yayılsın. Bu zaman düşünə bilərik ki, mutasiyaya uğramış virus Azərbaycanda var, ya yox. Ancaq bunun dəqiqləşməsi üçün xəstələrdən götürülmüş virusların molekulyar geni araşdırılmalıdır. Bu virus yeni deyil, eynidir, sadəcə, mutasiya baş verib. Yəni virusun genində dəyişiklik olub”.
A.Allahverdiyev indiyə qədər COVID-19-da 4 mindən çox mutasiya baş verdiyini deyib: “Amma bunların içində son baş verən mutasiya daha çox əhəmiyyət kəsb edir. Çünki mutasiya virusun yayılma sürətini artırıb. Amma bunu çox böyütmək də lazım deyil”.
Professor qeyd edib ki, virusun proteinində 1 255 amin turşusu var: “Mutasiya virusun üzrərində olan spayk zülalında bir-iki dənə amin turşusunun yerini dəyişməsinə səbəb olur. Hazırlanmış bəzi vaksinlərin əsasını məhz bu spayk zülalları, proteinleri təşkil edir. Bu da bəzi vaksinlərin keyfiyyətinə təsir edə bilər.
Hazırda molekulyar ve biotexnoloji metodlarla hazırlanan bəzi vaksinlər bilavasitə spayk proteini ilə bağlıdır. Ancaq ənənəvi metodla hazırlanan öldürülmüş, inaktiv olmuş vaksinlərdə bu proteindən fərqli olaraq virusa aid olan xeyli molekullar var. Ona görə də virusun proteinində hər hansısa dəyişiklik baş versə də, vaksinin digər hissələrində dəyişiklik olmadığı üçün çox da təsir etməyə bilər. Ümumiyyətlə, vaksinlərin təsir edib-etməməsi sual altındadır. Hansının daha təsirli olmasını zamanla tədqiqatlar göstərəcək".
İnstitut direktoru fikrincə, Azərbaycanın Çin istehsalı olan vaksin almaq planı doğru addımdır: "Çünki bu vaksin klassik, ənənəvi və yüzillərlə məlum olan xəstəliklərin vaksinasiyasında istifadə edilən metoddur və zərərsizdir. Digər vaksinlər isə molekulyar biotexnologiyadakı son nailliyyətlərə əsaslanan vaksinlərdir. Bunların necə olacağını zaman göstərəcək".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni variantını sentyabrda Britaniyada aşkarlandığını açıqlayıb. Daha sonra bu Danimarka, Niderland, Avstraliyada, Cənubi Afrika Respublikasında və İtaliyada qeydə alınıb. Mutasiyanın Böyük Britaniyada yarandığı və ya ora sonradan gətirildiyi barədə məlumat yoxdur. Həmçinin hazırlanmış yeni vaksinlərin bu cür mutasiyaya qarşı uyğun olub-olmayacağı da məlum deyil.