Azərbaycanda mutasiyaya məruz qalmış koronavirusun hansı növü yayılıb? (AÇIQLAMA)




"Azərbaycanda koronavirusun hansı növünün yayılması ilə bağlı virusoloji tədqiqatların aparılıb aparılmadığı barədə məlumatım yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.

O, bildirib ki, virus getdikcə mutasiyaya uğrayaraq xasiyyətini dəyişir. İstər A, istər B, isərsə də C forması olsun, virus yoluxanlarda yaranan immunitet nəticəsində tədricən zəifləyərək yoxa çıxır.

Amma bu gün ən böyük problem epidemiyanın lokallaşdırılması ilə bağlıdır. Dünya Səhiyyə Təşkilatının ümumi tədbirləri olmalıdır ki, bütün dövlətlər də buna əməl etsinlər. Təəssüf ki, bu işdə koordinasiya çox pis vəziyyətdədir.

Baş infeksionist Cəlal İsayev də ölkədə bu barədə araşdırmanın aparılmadığını deyib və bunun hazırkı mərhələdə elə də böyük əhəmiyyət kəsb etmədiyini bildirib:

"Bütün növlərin törətdiyi xəstəlik eyni olduğundan, bu, elə də böyük əhəmiyyət kəsb etmir. Növündən asılı olmayaraq virusun klinik gedişində və müalicə tədbirlərində heç bir fərq yoxdur. Amma ölkəmizdə hansı növün yayıldığını öyrənmək mümkündür. Hələlik virusun mutasiyaya uğradığını müəyyənləşdirən amerikalı alimlər də növlərin xəstəliyin gedişinə necə təsir göstərdiyini öyrənməyiblər. Bəlkə gələcəkdə infeksiyanın müalicəsində, diaqnostikasında hər hansısa bir rol oynaya bilər".

TƏBİB-dən də hələlik bu barədə məlumatın olmadığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl qərb alimləri Çinin Uhan şəhərində ortaya çıxan yeni tip koronavirusun mutasiyaya məruz qaldığını və hazırda müəyyən edilmiş 3 növünün olduğunu açıqlamışdılar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu