Bələdiyyələrə əvəzsiz dövlət yardımı: nələri, necə dəyişməli?

İqtisadçı ekspert Qalib Toğrul dotasiya həddinin hesablanması ilə bağlı mövcud mexanizmi təkmilləşdirmək üçün təkliflər verib.
Ekspert xatırladıb ki, Azərbaycanda bələdiyyələrin xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsini (yerli büdcənin kəsirini) örtmək üçün dövlət büdcəsindən yerli özünüidarəetmə orqanlarına hər il dotasiya verilir. Dotasiya məbləği dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun xərclər hissəsində subvenisya məbləği ilə birlikdə ayrıca sətirdə nəzərdə tutulur: "Son illərdə bələdiyyələrə dövlət büdcəsindən ayrılan dotasiyanın məbləği bir qayda olaraq 5,2 milyon manat təşkil edib. Lakin 2019-cu ilin dövlət büdcəsində bələdiyyələrə ayrılan dotasiyanın məbləği 500 min manat azaldılaraq 4,7 milyon manata salınıb. Sonuncu dəfə, 2020-ci ildə bu rəqəm 5 milyon manat olub.
Dotasiya məbləğinin bələdiyyələr arasında bölüşdürülməsi ilə bağlı qanunvericiliklə təsdiq olunmuş dəqiq mexanizm yoxdur. Bu da haqlı olaraq bələdiyyələr tərəfindən narazılıq doğurur. Dotasiya həddinin hesablanması ilə bağlı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakı 6 meyar müəyyənləşdirilib:
1. Bələdiyyənin ərazisində yaşayan əhalinin sayı;
2. Ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi;
3. Bələdiyyənin gəlir və xərcləri;
4. Bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi;
5. Yerli əhalinin yaşayış səviyyəsi;
6. Nəzərdə tutulan sosial-iqtisadi layihələr.
Hazırda dotasiyanın bələdiyyələr arasında bölüşdürülməsinə məsul olan dövlət qurumu – Maliyyə Nazirliyi əvəzsiz dövlət yardımının hesablanması zamanı qanunvericilikdə təsbit olunmuş 6 meyarın yalnız birindən – bələdiyyə ərazisində yaşayan əhalinin sayından istifadə edir.
Bələdiyyələrlə iş sahəsində böyük təcrübəsi olan iqtisadçı ekspert Qalib Toğrul hesab edir ki, dotasiyanın hesablanması zamanı digər meyarlardan istifadə edilməməsinin əsas səbəbləri “Büdcə sistemi haqqında” qanunla müəyyənləşdirilən meyarların ölçüləbilən hala gətirilməsinin çətin olması və bəzi kriteriyaların hesablama üçün xüsusi əhəmiyyət kəsb etməməsi ilə bağlıdır: “İlk növbədə, dotasiya həddinin hesablanması ilə bağlı meyarların siyahısı dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Bu da bir çox normativ hüquqi aktlarda dəyişiklik olunmasını tələb edir. İndiki halda bu, o qədər də real görünmür. Çünki qanunvericilik təşəbbüsü hüququ olanların dairəsi məhduddur və onları müvafiq dəyişikliyin vacibliyinə inandırmaq üçün xeyli vaxt tələb olunur. Ona görə də qanunvericilikdə nəzərdə tutulan meyarlardan istifadə edilməklə yeni mexanizmin hazırlanması daha faydalı olardı”.
Ölkədə 1607 bələdiyyənin fəaliyyət göstərdiyini deyən iqtisadçı ekspertin fikrincə, onların böyük bir hissəsinin əhalisi az, ərazisi isə kiçikdir: “Bu da bələdiyyə idarəetməsinin səmərəliliyini aşağı salır. Ölkəmizdə əhalisinin sayı iki minə qədər olan 600-dək bələdiyyə var. Onların gəlirləri orta hesabla 5-6 min manat civarında olur ki, bu da bələdiyyə üzv və qulluqçularının əmək haqqını və sosial sığorta ayırmalarını belə ödəməyə imkan vermir. Ona görə də əksər bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna borcu var. Bəzən büdcədən ayrılan dotasiya məbləği bütünlüklə həmin borcun bir hissəsinin ödənilməsinə sərf olunur.
Və yaxud başqa bir fakt deyim, ölkəmizdə sakinlərinin sayı 5 minədək olan bələdiyyələr cəmi bələdiyyələrin təxminən 80 faizini təşkil edir. Belə bir şəraitdə bələdiyyələrə ayrılan dotasiyaların səmərəli bölgüsündən danışmaq mənasızdır. Əgər biz keyfiyyətli yerli idarəetmədən və dövlət vəsaitlərinin səmərəli bölgüsündən danışırıqsa, bunun üçün ilk növbədə, kiçik bələdiyyələrin könüllü birləşməsi yolu ilə onların ərazi və əhali baxımından böyüməsi ən vacib şərtdir.”
“Hazırkı şərtlər daxilində bələdiyyələrə ayrılan dotasiyaların bölgüsü ilə bağlı hansı addımlar atmaq, dəyişikliklər həyata keçirmək mümkündür” sualına cavabında Qalib Toğrul bildirib ki, Maliyyə Nazirliyinin əhalinin sayı nəzərə alınaraq həyata keçirdiyi bölgünü təkmilləşdirmək mümkündür: “Hazırkı şəraitdə dotasiyanın həddinin hesablanması zamanı əsas meyar kimi əhalinin sayının götürülməsi, məncə, doğru yanaşmadır. Təbii ki, Maliyyə Nazirliyinin istifadə etdiyi mövcud mexanizmə yenidən baxılması mümkündür. Daha optimal varaintın tapılması üçün səlahiyyətli dövlət qurumlarının və bu sahədə ixtisaslaşmış mstəqil ekspertlərin birgə müzakirələrinə ehtiyac var. Dotasiya ayrılması məqsədilə bələdiyyələrin təsnifatı iqtisadi baxımdan əsaslandırılmalıdır.
Hesab edirəm ki, “Büdcə sistemi haqqında” qanunda təsbit olunan əlavə bir neçə meyardan da istfadə olunması mümkündür. Məsələn, dotasiya məbləğinin bələdiyyənin gəlirləri və xərcləri ilə əlaqələndirilməsi, bu iki göstərici arasında müəyyən korrelyasiya əlaqəsinin qurulması mümkündür. Fikrimcə, dotasiya məbləğinin maksimum həddinin bələdiyyənin faktiki gəlirlərinin 30 və ya 40 faizi civarında müəyyənləşdirilməsi doğru olardı. Çünki qanunvericilikdə dövlət büdcəsindən dotasiya ayrılmasının məqsədi yerli büdcənin kəsirini bağlamaq kimi xarakterizə olunur. 30 və ya 40 faiz təklifi müzakirəyə açıqdır. Mümkündür ki, ekspertlər tərəfindən müzakirələr aparılıb, xüsusi əsaslandırma vasitəsilə yekun bir rəqəm üzərində dayanılsın.”
Dotasiya həddinin hesablanması kimi digər bir meyardan, bələdiyyələrin yüksək dağlıq ərazidə yerləşməsindən istifadənin mümkünlüyünü istisna etməyən ekspertin fikrincə, bir qayda olaraq yüksək dağlıq ərazilərdə yaşayanlar, işləyənlər həmişə dövlətin xüsusi qayğısı ilə əhatə olunurlar: “Yüksək dağlıq ərazilərlə bağlı Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli qərarı var. Həmin qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq yüksək dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələri dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək hündürlükdə yerləşən, dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək hündürlükdə yerləşən və dəniz səviyyəsindən 2000 metrdən yuxarıda yerləşən olmaqla 3 qrupda təsnifləşdirilib. Yaxşı olar ki, hər bir qrup üzrə xüsusi əmsallar müəyyənləşdirilsin və qruplara daxil olan yaşayış məntəqələrində yerləşən bələdiyyələrə ayrılan dotasiya məbləğləri yekunda həmin əmsallara vurulsun.”
Qalib Toğrul dotasiya həddinin hesablanması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər meyarların hesablama üçün çətinlik yaratmasından da danışıb: “Nəzərdə tutulur ki, “bələdiyyənin ölkənin maliyyə ehtiyatlarının formalaşmasında xüsusi çəkisi” göstəricisindən istifadə olunsun. Belə bir göstəricinin hesablanması çox çətindir, hətta deyərdim ki, kənd bələdiyyələrinə münasibətdə mümkünsüzdür. Yerli əhalinin həyat səviyyəsi də belə meyarlardandır. Əhalinin həyat səviyyəsi çox geniş bir anlayışdır. Ondan dotasiya həddinin hesablanmasında konkret göstərici kimi istifadə olunması ciddi çətinliklər yaradır.”
Qalib Toğrul sonda onu da bildirdi ki, dotasiya həddinin hesablanması ilə bağlı müəyyənləşdirilən meyarlardan biri artıq tarixə qovuşub: “Bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində yerləşməsinin hesablama zamanı nəzərə alınması qanunvericilikdə təsbit olunmuşdu. Çox şükür ki, artıq bizim cəbhə xəttində yerləşən bələdiyyəmiz mövcud deyil. Erməni işğalı altında olan torpaqlarımız qəhrəman ordumuz tərəfindən azad olunduğu üçün “cəbhə xətti”, “təmas xətti” kimi anlayışlar artıq tarixə çevrilib. Böyük səbrsizliklə həmin ərazilərdə yerli idarəetmə orqanlarının formalaşmasını gözləyirəm. Ümid edirəm ki, işğaldan azad olunan ərazilərimizin inkişafı amili bələdiyyələrin yerli idarəetmədə rolunun gücləndirilməsinə xüsusi töhfə verəcək.”