Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir


Aztimes.az saytının təsisçisi və baş redaktoru Pərvin Abışova Prezidentə müraciət ünvanlayıb.



AFN.az xəbər verir ki, o müraciətində jurnalist fəaliyyəti ilə bağlı qanunsuz təzyiqlərlə üzləşdiyini bildirib.



Qeyd edib ki, 2024-cü il 22 aprel tarixində, Ağcabədi rayonu Qaravəlilər kəndindən redaksiyamıza daxil olan vətəndaş şikayətləri əsasında həmin kənddə çəkiliş aparıb: "Kənd sakinləri onlara ayrılmış örüş sahələrinin Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən iş adamı Kazım Gülmalıyevə qanunsuz olaraq satıldığını bildirirdilər.



Jurnalist məsuliyyəti və obyektivliyi prinsiplərinə əsaslanaraq hadisə yerində çəkiliş apardıq və qarşı tərəfin mövqeyini də işıqlandırdıq. Lakin bir neçə gün sonra İcra başçısının köməkçisi Hafiz Hüseynov mənimlə əlaqə saxlayaraq kənd sakinlərinin dediklərinin yalan olduğunu bildirdi. Mən isə cavabımda qeyd etdim ki, onların da fikirləri materialda dərc olunub və biz tərəfsiz, obyektiv yanaşma prinsipinə sadiq qalmışıq.



Buna baxmayaraq, Hafiz Hüseynov vəzifə səlahiyyətlərindən istifadə edərək israrla həmin materialın saytdan silinməsini tələb etdi. Mən isə peşə prinsipimə uyğun olaraq materialı silməkdən imtina etdim".



Nəticədə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov jurnalisti məhkəməyə verib. P.Abışovanın sözlərinə görə, Göyçay Rayon Məhkəməsində hakim İbrahim Fəttahovun sədrliyi ilə keçirilən proseslərdə icra başçısı iştirak etməsə də, məhkəmədə qalib gəldi: "Yuxarı instansiyalara müraciət etmək imkanım süni şəkildə məhdudlaşdırıldı. Məhkəmə qərarı ilə mənim 1000 manat təzminat ödəməyim və üzr istəməyim tələb olundu.



Hörmətli cənab Prezident, mən məhkəməyə bildirmişəm ki, tələb olunan təzminatı ödəməyə hazıram. Lakin Göyçay Rayon İcra və Probasiya Şöbəsinin rəhbəri İlqar Abdurrahmanov bu məsələnin hüquqi baxımdan həlli üçün şərait yaratmır, əksinə, məni dəfələrlə məcburi şəkildə polisə gəlməyə çağırır.



Mən – üç uşaq anası, ləyaqətli bir Azərbaycan vətəndaşı və ölkəmizin milli maraqlarına xidmət edən bir media nümayəndəsi olaraq – Sizdən bu məsələdə mənə dəstək olmağınızı xahiş edirəm".



Jurnalistin sözlərinə görə, R.Hüseynov da köhnə media işçisidir: "Əmək fəaliyyətinə “Kommunizm yolu” qəzetində korrektor, ədəbi işçi, müxbir və şöbə müdiri kimi başlayan Rafil Hüseynovun bu gün bir jurnalistə qarşı göstərdiyi münasibət Həsən bəy Zərdabinin qələminə sayğısızlıq və peşəkar etika prinsiplərinə ziddir. Köhnə mətbuat işçisi kimi o, vətəndaş şikayətini qəbul etmir və bunu qərəzli şəkildə məhkəməyə qədər aparır.



Siz çıxışlarınızda dəfələrlə jurnalistlərin Sizin informasiya mənbəniz olduğunu və onların ictimai rəyə təsir edən vacib vasitə rolunu vurğulayırsınız. Lakin Rafil Hüseynov bu çağırışlara zidd olaraq, vətəndaş şikayətlərini və qanun pozuntularını ört-basdır etməyə çalışır.



Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində, bir vətəndaş, keçmiş əsgər anası və cənab Prezidentin dostu olan bir jurnalist kimi, bu müraciətimə diqqətlə yanaşmağınızı və mənə kömək etməyinizi rica edirəm".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu