Tramp mis idxalına 50 faiz tarif tətbiq olunacağını açıqladı

ABŞ Prezidenti Donald Tramp 1 avqustdan etibarən mis idxalına 50 faiz gömrük rüsumu tətbiq olunacağını bildirib.
Tramp bu barədə Truth Social hesabında paylaşım edib.
Paylaşımında Tramp “Milli təhlükəsizliyin sağlam şəkildə dəyərləndirilməsindən sonra 1 avqust tarixindən qüvvəyə minməklə misə 50 faizlik tarif tətbiq edəcəyimi elan edirəm”, – deyə qeyd edib.
O, misin yarımkeçiricilər, təyyarələr, gəmilər, sursatlar, məlumat mərkəzləri, litium-ion batareyaları, radar sistemləri, raketdən müdafiə sistemləri və hipersəs silahları üçün vacib olduğunu bildirərək, bu metalın Müdafiə Nazirliyi tərəfindən ən çox istifadə olunan ikinci material olduğunu vurğulayıb.
“Axmaq və süst liderlərin” mis sənayesini məhv etdiyini iddia edən Tramp “Bu 50 faizlik tarif Bayden administrasiyasının məsuliyyətsiz davranışını və axmaqlığını aradan qaldıracaq. Amerika bir daha güclü və üstün mis sənayesi quracaq. Axı bu, bizim qızıl dövrümüzdür”, – deyə fikirlərini tamamlayıb.