Laçın dəhlizinə Azərbaycan da nəzarət edəcək - ŞƏRH


Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy Azərbaycanın Qarabağdakı hərbi-siyasi strategiyası barəsində fikirlərini açıqlayıb.



Analitik dekabrın 1-dən sonra Azərbaycanın Qarabağdakı addımlarını hərbi-siyasi konteksdən dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan 3 mərhələli planı həyata keçirir: "1-ci mərhələdə təxminən 1000 km-lik Azərbaycan Ermənistan sərhədini tam nəzarətə almaq və Ermənistan ordusuna tam bağlamaq. Bu mərhələ hazırda sürətlə davam etdirilir.

2-ci mərhələdə Rus sülhməramlısının olduğu Laçın dəhlizində nəzarəti təmin etmək. Bu çərçivədə Ermənistan sərhədinin Laçın dəhlizi hissəsində rus sülhməramlılari ilə yanaşı Azərbaycan sərhəd, gömrük və təhlükəsizlik xidmətinin fəaliyyətini təmin etmək. Hazırda bunun hərbi-siyasi bazası hazırlanır. Prezidentin ilin yekununa dair çıxışında 3 dəfə Ermənistan xarici işlər nazirinin Qarabağa səfərinə vurğu etməsi, Fransa nümayəndə heyətinin səfəri, 10 noyabrdan sonra Qarabağa Ermənistan hərbiçilərinin gəlməsi və bu prosesdə doğrudan və dolaylı rus əsgərinə vurğusu bunun ilk addımdır. Ardından diplomatik və siyasi müstəvidə rus sülhməramlıların bu istiqamətdə işlərini doğru görmədiyi sıx-sıx vurgulanacaq və dəhlizdə Azərbaycan qurumlarının olması zərurəti sadəcə hüquqi deyil, həm də hərbi-siyasi zərurət kimi önə çıxarılacaq. Bu mərhələnin önümüzdəki 2-3 ay ərzində aktuallaşacağını təxmin etmək olar.

3-cu mərhələ Qarabağdakı erməni yaraqlılarının tərkisilah edilməsi məsələsidir. Prezident artıq bir neçə dəfə bu məsələyə sərt reaksiya verib və məsələnin bir terror hadisəsi kimi xarakterizə etməyə başlayıb. Önümüzdəki aylarda, təxminən fevral ayının sonundan başlayaraq Qarabağda həm ərazidə antiterror əməliyyatları, həm də konkret şəxslərə qarşı nöqtə əməliyyatları olacağını təxmin etmək olar. DTX rəhbəri Əli Nağıyevin Moskvada rus və erməni həmkarları ilə görüşü, Ermənistan DTX rəhbərinin Bakıya səfəri edəcəyi (bəzi xəbərlərə görə artıq edib) bu konteksdə düşünülə bilər. Hətta Azərbaycan cəmiyyətinin artan narahatlığını nəzərə alsaq, prezident səviyyəsində son günlərdə verilən "biz də narahatıq" mesajının yanvar və fevral ayında da bəzi anti-terror əməliyyatları ilə dəstəklənməsi sürpriz olmaz. Rusiyanın bu əməliyyatlara 44 günlük müharibəyə verdiyi reaksiya verəcəyini təxmin edirik. Yəni əməliyyatlara əməli mənada qarşı çıxmayacaq, ancaq bəzi dairələrdən qarşı çıxırmış kimi mesajlar veriləcək. Bu arada Rusiya və Ermənistan rəsmiləri bu terror əməliyyatlarının məsuliyyətini də Monitorinq Mərkəzində vəzifəsinin icrasına başlayan Türk hərbçilərin üstünə yıxmaq taktikası izləyə bilər".(Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu