Hamı məndən soruşur ki, Qarabağda işləməyə usta axtarırlarmı? – usta ilə söhbət


Ömrünün demək olar ki, yarısını sənətə həsr edib. Yox, qəhrəmanımız nə incəsənət adamıdır, nə mədəniyyət - əliqabarlı fəhlədir. Amma işinin ustası olan fəhlədir. Elə buna görə də onu doğulub böyüdüyü, yaşadığı Quba rayonunda hamı usta Elbrus deyə çağırır. Elə usta kimi də şan-şöhrət qazanıb.



Həmsöhbətimiz Quba rayon sakini Fərhadov Elbrusdur. 46 yaşı var, 22 ildir tikintidə çalışır. Müəllimi özünün əmisi olub. O da rayonda adlı-sanlı ustalardandır. Texnikum təhsili olan Elbrus ustanın əsl ixtisası isə mühasibdir. Lakin bir zamanlar bu sahədə iş tapmadığı üçün tikintidə işləyən əmisinin yanında çalışmağa başlayıb: “Əsgərlikdən gəldim öz ixtisasım üzrə iş tapmadım, əmimin yanında işləməyə başladım. Ondan sonra zaman keçdikcə bu sahədə püxtələşdim. İndi usta dostlarımla briqada halında işləyirik. Bir evin suvaq işini 0-dan götürüb təhvil veririk. Şükür, dolanışıq normaldır”. İş baxımından korluq çəkmədiyini deyən E.Fərhadov deyir ki, “yaxşı usta üçün iş qıtlığı olmur”. Tikintidə xidməthaqlarının uzun illərdir eyni qaldığını deyən həmsöhbətimiz bildirir ki, 10-15 il əvvəl hansı qiymətlər idisə, elə də qalır: “Bazarlardakı qiymətlərlə müqayisə edəndə bu bizi qane etmir. Bu illərdə qiymətlər bahalaşıb, bizim xidməthaqqımız isə artmayıb. Amma dolanışıq üçün yetərlidir. Dediyim kimi, işsiz qalmırıq. Qubada ən məşhur şadlıq saraylarından olan “Mübarək”i, başqa bir neçə iri obyekti biz tikmişik”.

2 oğlu bir qızı var Elbrus ustanın. Qızı hələ orta məktəbdə oxuyur, oğlanlarının biri hərbi xidməti başa vurub gəlib, biri isə xidmətdədir: “2 ayın əsgəridir, Ədliyyə Nazirliyi nəzdindəki hərbi hissədə çəkir xidmətini. Əsgərliyini bitirib gələn oğlum isə öz yanımda işləyir, tikinti sahəsində peşəkarlaşmaq istəyir. Nişanlıdır, inşallah, karantin başa çatsın, toyunu edəcəm”.



Elbrus ustanın hərbi xidmətdə olan oğlu

E.Fərhadov tikintidə hər işi bacardığını deyir. Elə bu səbəbdən də işğaldan azad edilən torpaqlarımızda başlayacaq tikinti-bərpa işlərində məmnuniyyətlə iştirak etmək istəyir: “Hazırda mən Norm Ustalar Klubunun Qubada səfiriyəm. Rayondakı çox ustalar məndən zəng edib maraqlanıb ki, Qarabağda işləməyə usta istəməyiblər ki, səndən?! Demişəm hələ istəməyiblər, amma istəsələr deyəcəm hamınıza, birlikdə gedərik”.



P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu