İlham Əliyev: “Lap yaxın vaxtlarda dirçəldilmiş şəhərləri görəcəyik”
“Şuşa şəhərinin indiki vəziyyətinə heç kim laqeyd qala bilməz, çünki bu nadir və bənzərsiz şəhər Qafqazın incisidir. Fikrimcə, nəinki bizim regionda, dünyada onun bənzəri yoxdur”.
AFN xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən deyib.
“Şəhər tamamilə boşalıb, məscidlər dağıdılıb, tarix və mədəniyyət abidələri, Vaqifin məqbərəsi dağıdılıb, məzar daşı sındırılıb, Vaqifin barelyefi qırılıb, büstü məhv edilib. Natəvanın sarayı dağıdılıb, Bülbülün evi praktiki olaraq yarıdağıdılmış vəziyyətdədir, Üzeyir Hacıbəylinin evi isə artıq yoxdur, onun yalnız divarları qalıb. Bu, barbarlıqdır, bu, mədəni soyqırımıdır və buna heç cür haqq qazandırmaq olmaz. Müharibə qurtarıb, Azərbaycan qələbə qazanıb. Lakin biz bunu heç vaxt unutmayacağıq və heç vaxt unutmamalıyıq. Buna görə, mənim göstərişimə əsasən bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləndə biz yəqin ki, hər şəhərdə bir məhəlləni, ola bilsin, böyük bir ərazini işğalçılardan sonra qalmış vəziyyətdə saxlayacağıq ki, Azərbaycan xalqı bunu heç vaxt unutmasın, gələcək nəsillər yadda saxlasınlar ki, biz öz torpağımızı qorumalıyıq və yalnız öz gücümüzə güvənməliyik. Əlbəttə, biz işğal edilmiş ərazilərdə dağıdılanların hamısını bərpa edəcəyik, bərpa prosesi başlanıb. Fikrimcə, bizim atdığımız ilk addımların nəticələri lap yaxın vaxtlarda görünəcək. Böyük qayıdış proqramı hazırlanır. Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik”, - Prezident vurğulayıb.