Dünyaya varis gətirə bilmədiyi üçün şahın boşadığı qadın, dünyasını kimsəsiz dəyişən “Gözüdərdli Sürəyya”


Dünyanın ən gözəl qadınlarından biri olsa da, kimsəsiz şəkildə dünyasını dəyişən, İran şahı Məhəmməd Rza Şah Pəhləvinin ikinci xanımı Sürəyya İsfəndiyari Bəxtiyari. 22 iyun 1932-ci ildə İsfahanda dünyaya gəlib. Atası İranın Almaniyadakı səfiri Xəlil İsfəndiyaridir. Sürəyya Londonda və İsveçdə mükəmməl təhsil alır, bir neçə dil bilirdi.



Aktrisa olmaq arzusunda olsa da, atası buna razı olmur. İran Şahı Məhəmməd Rza Şah Pəhləvi ikinci dəfə evlənmək istəyəndə minlərlə qız ilə birlikdə Sürəyyanın da şəklini ona göstərirlər. Şah onların arasından yalnız Sürəyyanı bəyənir. Şahın bacısı Şəms Pəhləvi Sürəyyanı İrana, saraya dəvət edir. Sürəyya deyir: “Şahı tanımıram, amma şəkillərdə heç də pis görünmür”. Onlar tanış olan kimi qərarlarını verirlər. 12 fevral 1951-ci ildə dünyaya səs salan bir toyla evlənirlər.15 kiloqram çəkisi olan “CHRİSTİAN DİOR” gəlinliyinə gücü çatmadığı üçün saray dərziləri gəlinliyin qatlarını kəsərək yükü azaldırlar. Stalin toya su samurunun xəzindən manto və qara brilyantlarla bəzədilmiş stolüstü yazı dəsti göndərir. Evlənəndə Sürəyyanın 18, Şahın isə 32 yaşı var idi. Sürəyya özündən cəmi 8 yaş kiçik, Şahın qızı şahzadə Şahnaza da analıq edirdi. Saray astroloqları Sürəyyanın ailəyə bədbəxtlik gətirəcəyini deyirdilər. Sürəyya dəfələrlə müalicələr alsa da, Şaha varis verə bilmirdi. Buna görə də Pəhləvi ailəsi onu qəbul etmirdi. Şahla gəzintilər istisna olmaqla gününü sarayda keçirən Sürəyya anasına yazdığı məktubda belə deyirdi: “Sarayda heç bir qadınla danışa bilmirəm, dərdləşə biləcəyim heç kim yoxdur”. Şah Sürəyyadan ayrılmamaq üçün yollar axtarırdı. Hətta o, Konstitusiyaya dəyişiklik edərək özündən sonra qardaşını varis elan etmək istəyir. Amma bu cəhd dövlət tərəfindən rədd edilir və bacısı Əşrəf Pəhləvi Şaha deyir: “Arvadı dəyişmək Konstitusiyanı dəyişməkdən daha asandır”. Şah Sürəyyaya təklif edir ki, birinci həyat yoldaşı qalmaq şərtilə dünyaya varis gətirə biləcək bir qadınla evlənməsinə razılıq versin. Ailəsinin, xüsusilə də anasının təzyiqlərindən sonra məcbur qalan Şah 1958-ci ildə Sürəyyanı boşayır. Sürəyya Avropaya ailəsinin yanına qayıdır. Sürəyyanın anası deyir: “Biz 7 il əvvəl İrana əylənməyi sevən, həyat dolu gənc bir qız göndərmişdik. Geriyə isə qəmgin, yaşından daha böyük qadın qayıtdı”. Sürəyya boşanandan sonra 3 həftə otağından çıxmır. Şahın dəfələrlə Parisə, Sürəyyanın yanına gəldiyi və qayıtması üçün ona yalvardığı da deyilir. Sürəyya uşaqlıq arzusunu reallaşdırır və filmlərə çəkilir. Şahdan sonra heç vaxt ailə qurmayan Sürəyyanın rejissor sevgilisi Franko İnzovina 1972-ci ildə qəza nəticəsində dünyasını dəyişir. Sonradan Sürəyya həyatını “Sona qədər oynanmamış pyes”, sevdiyi qadından varisə görə ayrılan Şahı isə “Qorxaq” adlandırıb. Sürəyya hər zaman dəbdəbəli həyatı və qiymətli zinət əşyaları ilə göz qamaşdırıb, dünyanın ən gözəl qadınlarından biri hesab olunsa da, onu hər zaman “Qəmgin baxışlı Şahzadə” adlandırırdılar. 69 yaşlı Sürəyya 2001-ci il oktyabrın 25-də Parisdə iflicdən dünyasını dəyişir. Onun dəfnində Əşrəf Pəhləvi və Qulam Rza Pəhləvi də iştirak edir. Sürəyya Münhendə dəfn edilir. Bütün sərvətini qardaşı Bijən İsfəndiyariyə vəsiyyət edir. Qardaşı da Sürəyyadan bir həftə sonra dünyasını dəyişdiyi üçün 75 milyon avroluq miras onun sürücüsünə qalır.

“Belə belə işlər”




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu