Kraliça Sürəyyadan Məlaləyə...
Nobel Sülh Mükafatı laureatı, pakistanlı təhsil fəalı 25 yaşlı Məlalə Yusafzayi martın 12-də ABŞ-da keçirilən Oskar mükafatlandırma mərasimində qadın hüquqları müdafiəçisi, Əfqanıstanın keçmiş kraliçası Sürəyyanın zinət əşyalarını taxıb.
Taliban yaraqlıları tərəfindən başından vurulan pakistanlı təhsil fəalı Məlalə Oskar mərasimində taxdığı zinət əşyaları ilə Əfqanıstan kraliçası Sürəyyaya ehtiramını bildirib.
"Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasında Oskara namizəd olan "Qapıdakı qərib" filminin prodüseri olduğu üçün Məlalə əri Əsər Maliklə mərasimə qatılıb. Yusafzayi mərasimdə 1920-ci illərə aid brilyant sırğalar və Əfqanıstan kraliçası Sürəyyaya məxsus 19-cu əsrə aid brilyant üzüyü taxıb.
"Ralph Lauren Collection" imzalı gümüşü payetli libas geyinən Yusafzayin zinət əşyalarını məşhurlara zinət əşyaları verməsi ilə tanınan ABŞ-da yerləşən antikvar zərgərlik şirkəti "Fred Leighton"dan aldığı məlum olub.
Kraliça Sürəyya 1919-1929-cu illər arasında Türkiyənin 1921 Konstitusiyasını nümunə götürərək hazırladığı Əfqanıstan Konstitusiyasını 1923-cü ildə qüvvəyə mindirən Əfqan kralı Emanullah Xanın həyat yoldaşı idi. Kraliça Sürəyya Tərzi Əfqanıstanda gender bərabərliyini müdafiə edən ilk qadın jurnalını təsis edib. O, ölkəsində qadın hüquqları ilə bağlı başladığı inqilabı da kral vasitəsilə həyata keçirməyə müvəffəq olub. Sürəyya Tərzi 1968-ci ildə, Emanullah Xan isə 1960-cı ildə vəfat edib.