Virusoloq: “Gördüklərimi adamları panikaya salmaq üçün demədim...”
"Son günlərdə ev şəraitində gördüyüm xəstələrin hamısı ağır gedişlidir. İstər cavan, istər yaşlı insanlarda qısa müddətdə ağırlaşmalar görürəm".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə bildirib. Onun sözlərinə görə, iki gün ərzində başlayan qızdırma 40 dərəcəyə qədər yüksəlir:
"Yüksək qızdırma hərarət salıcı preparatlara tabe olmur. Laborator göstəricilərə əsasən yazılan antibiotiklər effekt vermir, qızdırma düşmür. Qısa müddətdə ağciyərlərdə geniş həcimli zədələnmə inkişaf edir. Hətta ağırlaşan xəstələrə deksametazon da kömək etmir. Bir sözlə, kompleks müalicə istənilən klinik-laborator nəticə vermir. 2-3 gün ərzində xəstə sürətlə ağırlaşır, saturasiya sürərlə düşür".
İnfeksionist qeyd edib ki, ağırlaşan xəstələrin hamısı ilk gündən "Favipiravir" qəbul ediblər:
"Onsuz da virus əleyhinə konkret dərman yoxdur, "Favipiravir" yazmaqla xəstəni daha tez ağırlaşdırırlar. Hətta ağır xəstələrə ancaq "Favipiravir"lə monoterapiya aparılır. Onsuz da ağır olan xəstə digər tərəfdən dərmanın toksiki təsirinə məruz qalır. Nəticə nə olur? COVİD idi - öldü. Gördüklərimi dedim ki, panikaya düşmək yox, əksinə daha ehtiyatlı davranmalıyıq, məsuliyyətli olmalı, əks-epidemik tədbirlərə daha ciddi əməl etməliyik. Özümüzü və yaxınlarımızı qorumalıyıq. Dünyanın 200-dən çox ölkəsində COVİD infeksiyası yayılıb, amma hələ də bizdə buna "inanmıram” deyənlər var. COVİD-dən qorunmaq hər kəsin öz əlindədir".