Hacı Qalib Salahzadəyə qarşı iddia: "O torpaqlar mənə aiddir"
ABŞ-da yaşayan sabiq spiker Rəsul Quliyevə yaxınlığı ilə tanınan Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu keçmiş deputat Hacı Qalib Salahzadənin mülkiyyətində olan torpaq sahəsinin ona məxsus olduğuna dair iddia qaldırıb.
Onun iddiasına görə Bakının Bilgəh qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi Rəsul Quliyevə məxsusdur. Keçmiş spikerin bu ərazini A.Şakiroğluna bağışladığı iddia olunur. Məlumata görə, gənc partiya sədri Hacı Qalibdən ərazini boşaltmasını və içərisində 8 ədəd ev olan torpaq sahəsini ona verməsini tələb edib.
Keçmiş deputat Qalib Salahzadə məlumatı təsdiqələyib. O bildirib ki, Rəsul Quliyevə yaxın adamlar zaman-zaman torpaq məsələsini qaldırırlar, amma heç nə əldə edə bilmirlər.
Q.Salahzadənin sözlərinə görə, 40 ilə yaxındır o, bağda yaşayır: “1995-ci ildə Bakı şəhərinin keçmiş meri Rafael Allahverdiyevlə Prezident Administrasiyasının İşlər İdarəsinin müdiri Akif Muradverdiyev arasında mübahisə olmuşdu. O zaman Rafael Allahverdiyev prezidentə yanlış məlumat vermişdi ki, guya mənim bağımda evlər yoxdur. Akif Muradverdiyev isə demişdi ki, orada Hacı Qalibin irili-xırdalı 8 ədəd evi var. O evlər indi də durur. Burada müxtəlif şəxslərin adına 30 kvadrat metrlik də ev var, 200 kvadrat metrlik də. Mərhum prezident bu mübahisəni aydınlaşdırmaq qərarına gəlmişdi. Heydər Əliyevin yaxınlıqda bağı vardı. Yay ayları idi, mən də bağda idim. Bir də gördüm Heydər Əliyev ətrafındakı insanlarla birlikdə bağa gəldi. Aləm dəydi bir-birinə. Açıq deyəcəm, mən kənara çəkildim ki, çox da gözə girməyim. Gəldilər bağa baxdılar və getdilər. Fatma Abdullazadə, Akif Muradverdiyev və yaxınlıqda yaşayan Qəhrəman kişi bu hadisənin canlı şahidləridirlər. Sonra akademik Cəlal Əliyev mənə dedi ki, Heydər Əliyev bu bağı sənə bağışladı. Bu hadisə 1995-ci ildə olub. İndi 26 ildən sonra Ağasif adlı cavan oğlan gəlib deyir ki, bu torpaqlar Rəsul Quliyevindir və torpaqları ona bağışlayıb. Mən sizə həqiqəti deyim. Əslində, Rəsul Quliyevə 60 sot torpaq sahəsi verilmişdi. Həmin ərazini Bakının keçmiş meri Rafael Allahverdiyev Rusiya səfirliyinə verib. Xəritə, order var. Mənim 12 qohumumun da adına olan torpaq sahələri səfirliyə verilib. İndi biz səfirliyə deyə bilmərik ki, torpaqları bizə qaytar...”
Keçmiş deputatın sözlərinə görə, Sabunçu rayonu məhkəmə qərarları icraçıları Rəsul Quliyevin yaxınlarının dediklərinə əməl edir. “Mənimlə danışanda deyirlər ki, bu, yuxarıdan göstərişdir. Soruşuram ki, göstəriş verən kimdir? Adı, soyadı necədir? Bəlkə, bunların “yuxarı” dedikləri elə Rəsul Quliyevin özüdür, ABŞ-dan göstəriş verir...”, - deyə Qalib Salahzadə əlavə edib.
O qeyd edib ki, bağ evinin vərəsələri məsələnin araşdırılması üçün müvafiq qurumlara müraciət ediblər: “Xahiş etmişik ki, məsələ ilə bağlı Dövlət Əmlak Komitəsindən mütəxəssis təyin edilsin və iddia olunan torpaq sahəsinin yeri, hüdudları müəyyənləşsin. Mən də öz növbəmdə məsələ ilə bağlı iki məhkəmə iddiası qaldırmışam".