Şeyxin qudası ilə bağlı cinayət işi məhkəməyə göndərilir
Bayram tətilindən sonra keçmiş deputat Hacı Qalib Salahzadə ilə bağlı başlanan cinayət işi baxılması üçün məhkəməyə göndərilə bilər.
Bizimxeber.az-a daxil olan məlumata görə Baş Prokurorluğun rəhbərliyi dəyişəndən sonra keçmiş deputatla bağlı cinayət işinin istintaqının yekunlaşdırılması qərara alınıb.
2018-ci ilin aprelində şikayətçi Seymur Quliyev və Nurid Əliyev adlı vətəndaşların müraciəti əsasında Qalib Salahzadə barədə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə həvalə edilib. Şikayətçilərin sözlərinə görə, keçmiş deputat yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yola maneələr qoyub. Onlar həmçinin bildirib ki, əmlakları Qalib Salahzadə tərəfindən darmadğın edilib.
Seymur Quliyevin sözlərinə görə, Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev istintaqa onun əmlakının məhz Hacı Qalib Salahzadə tərəfindən zəbt edilərək dağıdılmasını israrla bildirib, faktlar təqdim edib. 10-a yaxın şahid də Seymur Quliyevin dediklərini təsdiq ediblər. Seymur Quliyev deyib ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə Azərbaycan Konstitusiyasını saymadığını ortaya qoyub.
Qalib Salahzadə Cinayət Məcəlləsinin 4 maddəsi ilə ittiham olunur: 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259-cu (qanunsuz ağac kəsmə) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə).
Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.