DİN-dən Tovuzda hərbçilərin polisə çağırılması iddiası haqda açıqlama
Sosial şəbəkələrdə Tovuzda olan bir xanımın rayon polis şöbəsinin əməkdaşları ilə əlbir olaraq vətəndaşlar və hərbi qulluqçularla pul müqabilində görüş təşkil etməsi barədə iddialar yayılıb. Bildirilir ki, daha sonra həmin hərbi qulluqçular insan alverində təqsirləndirilib və onlardan bunun müqabilində rüşvət istənilib.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov sözügedən iddialarla bağlı açıqlama verib: “Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində rayon sakini İ.P. pul müqabilində qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs əvvəlcədən bir neçə nəfərlə telefon danışıqları apararaq onlarla pul müqabilində xanımlarla görüşməyi təklif edib. Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 241.1-ci ( Fahişəliyə cəlb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. İstintaq zərurəti ilə əlaqədar bəzi şəxslər şahid qismində dəvət olunaraq izahatları alındıqdan sonra sərbəst buraxılıb”.