Hərəkətin məhdudlaşdırılması Azərbaycanın suveren hüququdur


Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində hərəkətin məhdudlaşdırılması Ermənistan tərəfini çox ciddi narahat etməyə başlayıb. Lakin yolun Azərbaycan hissəsində istər hərəkətin məhdudlaşdırılması, istərsə də sərhəd-nəzarətinin tənzimlənməsi Azərbaycanın suveren hüququdur. Ona görə də ölkəmiz istənilən vaxt lazımı tədbirləri həyata keçirməkdə tam sərbəstdir.


AFN xəbər verir ki, bu barədə Trend təhlil hazırlayıb. Həmin məqaləni təqdim edirik:

"Bəli, indiyə qədər Ermənistan bu yoldan heç bir maneəsiz istifadə edib. Lakin bu, yalnız Azərbaycanın xoş niyyətindən, humanist yanaşmasından qaynaqlanıb. İndi isə belə bir vəziyyətin yaranması məhz Ermənistanın məsuliyyətsizliyinin və Azərbaycana qarşı hər daim təxribatlara əl ata biləcəyinin nəticəsidir. Necə ki, 3 gün öncə Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının xidmətdə olan əsgəri Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qaldı. Orada əlbəyaxa döyüş zamanı əsgərimiz sinə nahiyəsindən süngü bıçaqla xəsarət aldı.

Baş vermiş bu hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşürdü və bu təxribata adekvat cavab veriləcəyi mütləq idi. Belə də oldu. Azərbaycanlı sərhədçiyə edilən bu hücumdan sonra Azərbaycan ərazinin təmizlənməsi üçün lazımi əməliyyat tədbirləri gördü və hərəkətin tənzimlənməsi üçün lazım olan addımları atdı. Eləcə də bu məsələdə qəti iradə ortaya qoyularaq konkret şərtlər irəli sürüldü.

Bu arada Ermənistanın baş naziri dünən hökumətin iclasında çıxışı zamanı erməniləri təəccübləndirdi. O, əvvəlki çıxışlarından fərqli olaraq ənənəvi şəkildə yaşayış məntəqələrinin adlarını ermənicə Karmrakar və Şurnux deyil, Eyvazlı və Çayzəmi kimi Azərbaycan adlarını səsləndirdi. "Eyvazlı və Çayzəmi hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvoluna çevrilə bilər" - deyə, N.Paşinyan çıxışı zamanı bildirdi.

Bununla Paşinyan, əslində, yolun Azərbaycan tərəfindən məhdudlaşdırılmasından ciddi narahatlıq keçirdiyini, amma yalvarırmış kimi, bunu çox yumşaq şəkildə ifadə etdi.

Paşinyanın bu çıxışı ilə bağlı erməni politoloq Stepan Danielyan isə "Azərbaycan Ermənistandan iki kənd də daxil olmaqla, Gorus-Qafan yolunun 21 kilometrini Azərbaycan ərazisi kimi tanıdığını rəsmən bəyan etməsini tələb edib. Tələb isə yerinə yetirilib. Baş nazir Paşinyan hökumətin iclasında bildirdi ki, 21 kilometr Azərbaycan ərazisidir. Eyni zamanda, o, iki kəndin Azərbaycanca olan adlarını çəkib" - deyə, reaksiya verdi.

Beləliklə, Ermənistan artıq anlamalıdır ki, Azərbaycan istənilən an öz ərazisində hərəkəti məhdudlaşdırmaq hüququna malikdir. Bu zaman ermənilər Ermənistanın yol-hərəkəti sisteminin iflic vəziyyətə düşə biləcəyini də unutmamalıdırlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu