Rəfail Becanov: "Minsk Qrupunun yenidən qayıdışı əlavə problemlər deməkdir"


"Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ildə ən böyük dəstəyini ATƏT-in Minsk Qrupundan alıb. Bu qrupun münaqişəyə ən böyük töhfəsi problemi uzatmaq, Azərbaycanı de-fakto işğal faktı ilə barışdırmaq və bu işğalın de-jure mərhələsinə hazırlamaq, Ermənistanın isə “qələbə”sini reallaşıdrmaq olub. Səmərəsiz, yalnız turist səfərlərini xatırladan bu gediş-gəlişlər münaqişənin sona çatmasında heç bir rol oynamayıb, əksinə 30 il uzanmasına xidmət edib. Bunu qrupa üzv olan dövlətlərin bəzilərinin təmsilçiləri özləri də etiraf ediblər".


AFN xəbər verir ki, bunu Cebhe.info xəbər portalı və "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş məqaləsində bu barədə ayzır:

"O yazır ki, müəyyən mənada həmsədrlərin işi diplomatın adi insanların təsəvvüründə olduğu kimi idi. Beşulduzlu otellərdə qalmaq, ayrıca yemək otağı, içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələr, ən yaxşı restoranlarda yemək. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk Qrupunun mövcud olduğunu salırdıq. Fakt və reallıq belə olub. İndi müharibə bitdiyi, kapitulyasiya aktı imzalandıqdan sonra da Ermənistan tərəfi Minsk Qrupunun yenidən fəallaşmasını arzulayır. Çünki zamanında Qarabağ sorununun çözülməsi üçün heç bir iş görməyən bu qrup daha çox Ermənistanın işinə yarayıb və sülh danışıqları adıyla işğal müddətinin 30 ilə qədər uzanmasını təmin edib. Bu mövqe isə Ermənistana sərf edirdi. Ona görə də yenidən ATƏT-in Minsk Qrupunun fəallaşmasını və humanitar dəstək adı altında olsa da, regiona qayıtmasını arzulayırlar.

Ermənistan parlamentinin Xarici əlaqələr daimi komissiyasının sədri Eduard Ağacanyan bildirib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində problemin həlli davam etməlidir və bu mövqedən geri çəkilməyəcəklər. O, beynəlxalq birliyin bütün mühüm faktorlarının, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin və ATƏT-ə üzv dövlətlərin də bu mövqeni paylaşdığını bildirib. Qarabağ münaqişəsi sona çatıb və Ermənistan kapitulyasiya aktını imzalayıb. İndi müzakirə mövzusu Qarabağ yox, Zəngəzur dəhlizinin açılmasıdır. ATƏT-in Minsk Qrupu hansı problem həll edəcək ki? Zəngəzur dəhlizi ilə bağlı müzakiələrə qatılacaq və ya təkliflər verəcək?"

R.Becanovun sözlərinə görə, istər 9 noyabr Bəyanatında, istərsə də 11 yanvar və 26 noyabr razılaşmalarında bu məsələ birmənalı olaraq öz əksini tapıb:

"Ermənistan da o razılaşmalardan irəli gələn şərtləri yerinə yetirməyə məcburdur. Bu məsələdə uduzan Ermənistan Minsk Qrupunun fəallaşması ilə başqa bir məsələyə ümid edir. Ermənistan Minsk Qrupunu fəallaşdırmaq və gələcəkdə status məsələsini gündəmə gətirmək haqqında düşünür. Hesab edirlər ki, Minsk Qrupu bu məsələdə onlara dəstək verə bilər. Ermənilərin Minsk Qrupundan ikiəlli yapışmasında əsas məqsəd budur. Azərbaycanda isə Minsk Qrupunun fəaliyyətinə birmənalı münasibət olub və bu Qrupun fəaliyyətinə rəsmi səviyyədə belə etirazlar bildirilib.

Dövlət rəsmilərinin də, ictimaiyyətin digər subyektlərinin də bu məsələdə mövqeyi birmənalı olub ki, Minsk Qrupundan imtina edilməlidir. İndi yenidən biz Minsk Qrupunun fəallaşmasına imkan verə bilmərik. Nəinki siyasi statusda, humanitar statusda da bu Qrupun regiona yenidən qayıdışı əlavə problemlər deməkdir. Onların qayıdışı bitmiş bir münaqişəyə bitməyən münaqişə donu geyindirmək olar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu