Şuşada üşüməmək... - FOTOLAR
Şuşaya elə bir vaxtda gedəsi oldum ki, nə qoftası qırmızı idi, nə tumanı yaşıl. Bomboz idi hər tərəf. Aradabir bəzi yerlərdə sısqa qar qalmışdı. Kölgələrdə...
Deyəsən, ustad Xan Şuşinskinin oxuduğu mahnı çoxlarında belə təəssürat yaradıb ki, Şuşa soyuqdur:
Şuşanın dağları,
Başı dumanlı...
***
Səfər söhbəti çıxanda qohum-qardaş hamısı məsləhət gördü ki, əynini qalın geyin, dağlıq ərazidir, hava soyuq olacaq. Tələsik bazara düşüb özümə qalın çəkmə, əlcək aldım. Təsəvvürümdə başı dumanlı dağlarla əhatə olunmuş, qarlı-çovğunlu, soyuqdan nəfəsimizin donacağı uca dağların başında bir şəhər vardı. Yanılmırdım, Şuşa uca dağların başında üç yandan qala divarları ilə qorunan, əsrarəngiz gözəlliyə, cazibəyə malik bir şəhərdir. Dağlarında qar var, amma çovğun yox, ilıq bir mehribanlır qarşıladı bizi: Şuşada üşümədik! Aşağıdan yuxarı qalxdıqca arabir maşından düşüb foto çəkdirirdik və bu ərəfədə üşüdükcə "hələ yuxarıda lap donacağıq" deyə bir-birimizə əynimizi qalın etməyi məsləhət edirdik. Sən demə, yuxarıda bizi tamam başqa mənzərə gözləyirmiş...
Şəhərin girişində qurulan post bizi xeyli mütəəssir etsə də, bədii əsərlərdən oxuduğumuz, rəvayətlərdən eşitdiyimiz qala divarlarını görən andan etibarən özümü tariximizin şanlı parçasında hiss etməyə başladım. Şuşa uzun illərdir xalqımızın itirmiş olduğu ləl-cəvahirat kimi yaddaşlarımıza həkk edilib. Sanki gözəl bir qızın üzündə mənfur bir əl yara açıb. Və o yara illərdir qərtməkləyib durur, sağalmır. İndi də sağalmayıb. Amma etibarlı həkim əlindədir. Müalicəsinə başlanıb... Şəhərdə abadlıq işləri vüsət alıb. Həm təmir, həm bərpa işləri aparılır, bir sıra evlər, obyektlər restavrasiya ediləcək. Şuşaya təxminən il yarımdan sonra sakinlərin yerləşdirilməsinə başlanacaq. Mən inanıram ki, Şuşa yenidən Azərbaycanın mədəniyyət mərkəzi olacaq, mədəniyyət incisinə çevriləcək.
Şəhərdə gəzişərkən diqqətimi ən çox müharibənin izlərini özündə əks etdirən binalar çəkdi. Pəncərələri güllədən sınıb tökülən, divarlarında mərmi, güllə yeri olan binların hər biri sanki bir qala rolunu oynayırdı. “Görəsən bu güllələrin hansı igidlərimizə dəyib? Hansı binada şəhidlərimiz can verib?” – düşüncəsi ilə gəzişdim şəhərdə. Həm də düşünürdüm ki, o güllələr namusumuza vurulan ləkəni təmizləmək üçün bir can alıb. Beləcə qarmaqarışıq hisslərlə dolandım Şuşanı...
***
Şəhərə günorta saatlarında çatmışdıq. Yeməkdən daha çox gəzməyə vaxt sərf etmək istəyirdik. Yüngülvari nahardan dərhal sonra Cıdır düzünə yollandıq. Həmkarlarımızın şəkil çəkmək həvəsi bizim əyləşdiyimiz mikroavtobusun digərlərindən dala qalaraq yolu itirməsi ilə nəticələndi. Sürücümüz yol axtaranda səfər yoldaşlarımızdan Elşən Ağayevin qeyri-ixtiyari olaraq “Saxla bir nəfərdən soruş” deməyi hamımızın təəccübünə və marağına səbəb oldu: Kim var, kimdən soruşsun? Elşən müəllim sonra “səhvini” düzəltdi: “Evlərə baxanda adama elə gəlir ki, içində adam yaşayır...” Şuşada daşın, divarın da dili var sanki.
***
Şuşanı gəzdikcə səfərdən bir gün əvvəl uzun illər dil-ədəbiyyat müəllimi işləyən atamın şəhərin tarixi ilə bağlı kövrələrək danışdığı məlumatlar gəlib keçirdi gözümün önündən. Xan qızı Natəvanın oğlunun ölümünü bayram səbəbilə şəhər camaatından gizlətməsi, şəhərə çəkdirdiyi içməli su xəttinin yarımçıq qalması səbəbi, insanların Xan qızına olan sevgisi haqda atam elə yanğı ilə danışmışdı ki, qeyri-ixtiyari olaraq Şuşada onunla qarşılaşacağım təəssüratı yaranmışdı məndə. Amma biz Xan nəslinin tikib-qurub yaratdığı, erməni vandallığına məruz qalmış abidələrlə qarşılaşdıq. Yəqin hər biriniz mənimlə razılaşarsınız ki, onlarla xarabalığa çevrilmiş evin içində birini şenləyib yaşamaq insanlıqdan uzaq bir davranışdır. Amma mən bu halı gördüm: ötən il Tuğa, bu il Şuşaya səfərimdə. Erməni belə məxluqdur: sökür, dağıdır, xarabalığa çevirir, sonra da o xarabalıqda yaşayır. İnsanlıq adına iddia edən kəs bunu edərmi?
***
Sonuncu dayanacağımız Qala oldu. Yaxınlaşdıqca qəribə hisslər keçirirdim. Tur yoldaşım Pərvanə xanımın Şuşa döyüşlərində iştirak edən igidlərimizdən birinin nəql etdiyi hadisəni xatırlatması hisslərimi aydınlatmağa kömək etdi. “Qala divarları sanki bizi qorumaq üçün tikilmişdi, döyüşün ən şiddətli yerində ora sığındıq və qəfil oraları duman bürüdü...” Dağların qoynunda möhkəm və sarsılmaz Şuşa qalası əsrlərdir ki, “yaşayır”, yaşadır. Həmkarımın “ermənilər nə yaxşı bu divarları dağıtmayıblar” sualına cavabım “bacarsaydılar dağıdardılar, heç topla-tankla dağıda bilməzlər buranı” oldu. Və beləcə Şuşadan ayrıldıq. Səfərimiz qısa müddətli olsa da, təəssüratımız genişdir. Yazmağa söz tapmaqda çətinlik çəkdim, etiraf edirəm...
Həbibə ABDULLA



















