Pezeşkian: Problemimiz qat-qat artdı, gəlirimiz də azaldı
İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə müharibədən sonra ölkədəki iqtisadi problemlərin keçmişlə müqayisədə ağırlaşdığını bildirərək, yüksək qiymətlərin arxasında artan xərclərin və neft satışının azalması səbəbindən dövlət gəlirlərinin aşağı düşməsinin dayandığını söyləyib.
AFN.az xəbər verir ki, İran mətbuatının məlumatına görə, toplantıda çıxış edən Pezeşkian ABŞ-ın dəniz blokadasından söz açmadan bildirib ki, əvvəllər idxal olunan məhsullar ölkəyə daha birbaşa yollarla çatdırılırdı, indi isə müxtəlif marşrutlardan keçirilməklə İrana gətirilə bilir. O, bunun məhsulların son qiymətini artırdığını qeyd edib.
İran Prezidenti dövlət gəlirlərinin azalmasına da diqqət çəkərək, "Bizim gəlirimiz də azaldı. Əvvəllər neft satırdıq, indi sata bilmirik." ifadələrini işlədib.
Pezeşkian ölkədəki sənaye müəssisələrinin zərər görməsinin də iqtisadi vəziyyəti ağırlaşdırdığını bildirərək, "Bir çox fabrikə zərbə vurdular və onları məhv etdilər" deyib.
Bu vəziyyətin vergi gəlirlərinə də təsir etdiyini vurğulayan Pezeşkian "Fabriklərdən vergi də toplaya bilmirik, təkcə bu da deyil, üstəlik onların ayaqda qala bilməsi üçün pul da verməliyik" deyə bildirib.
Pezeşkian ölkədə yaşanan iqtisadi çətinliklərin miqyasını isə "Problemimiz qat-qat artdı, gəlirimiz də azaldı" sözləri ilə ifadə edib.
