İran Baş Qərargahı: 3 iranlı pilot Qətər tərəfindən əsir götürülüb
İran Baş Qərargahı ABŞ və İsraillə müharibə zamanı düşən 2 döyüş təyyarəsindəki 4 iranlı pilotdan 3-nün Qətər tərəfindən əsir götürüldüyünü açıqlayıb.
AFN.az xəbər verir ki, İran Baş Qərargahının yaydığı açıqlamada ABŞ və İsraillə müharibə zamanı qəzaya uğrayan iki döyüş təyyarəsindəki iranlı pilotların taleyi ilə bağlı məlumat verilib.
İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin komandanı, briqada generalı Məhəmməd Baqırzadə Cavad Salehi, Əbdülməcid Deştiyan və İmran Behrusiyan adlı 3 iranlı pilotun döyüş təyyarələrinin düşməsindən sonra 6 aydır Qətər tərəfindən əsir saxlanıldığını açıqlayıb.
Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Mirjana Spoljaric Eggerə göndərdiyi məktubda təfərrüatları açıqlayan Baqırzadə ABŞ və İsrailin hücumları ilə başlayan müharibə davam edərkən, martın 2-də hərbi bazalara qarşı döyüş əməliyyatından qayıdarkən hava hücumundan müdafiə sistemləri tərəfindən Su-24 tipli 2 döyüş təyyarəsinin vurulduğunu bildirib.
Baqırzadə döyüş təyyarələrindəki pilotların katapult oturacağı ilə təyyarədən atıldığını, onlardan birinin həyatını itirdiyini, 3 pilotun isə Qətər qüvvələri tərəfindən sağ ələ keçirildiyini bildirib və “Təəssüf ki, həmin tarixdən etibarən 6 ay keçməsinə baxmayaraq, Qətər hökuməti hərbi əsirlərin hüquqlarına hörmət edilməsinin zəruriliyinə dair dörd Cenevrə Konvensiyası da daxil olmaqla, bütün beynəlxalq qanun və qaydalara zidd olaraq bu əsirlərin ayrılmaz hüquqlarını görməzlikdən gəlib və pozub” ifadələrini işlədib.
Baqırzadə bütün diplomatik səylərə və izləmə işlərinə baxmayaraq, əsirlərin ailələri və axtarış işlərini aparan rəsmilərlə görüşməsinə və əlaqə saxlamasına icazə verilmədiyini bildirib və bunları qeyd edib:
“Silahlı Qüvvələr Baş Qərargahının İtkin Şəxslərin Axtarışı Komitəsi Qətərdə əsir götürülən pilotların vəziyyətindən dərin narahatlığını ifadə edir və Beynəlxalq Qızıl Xaç Komitəsinin yüksək səviyyəli rəsmisindən humanitar missiyalar və ikitərəfli əməkdaşlıq çərçivəsində Qətərdəki iranlı pilotlarla ən qısa müddətdə görüş keçirməsini, bu şəxslərin sağlamlıq vəziyyəti barədə İrana məlumat verməsini və onların tez bir zamanda azad edilməsi üçün lazımi şəraitin hazırlanmasını təkidlə xahiş edir”.
İran həmin dövrdə Qətərdəki ABŞ bazasına qarşı həyata keçirilən hücumlar zamanı döyüş təyyarələrinin hədəfə alındığını açıqlamış və həyatını itirən pilot Məcid Kazıminin nəşinin İrana qaytarıldıqdan sonra dəfn edildiyini bildirmişdi. İranlı rəsmilər 3 pilotun taleyinin qeyri-müəyyən olaraq qaldığını və əllərindəki məlumatların tam olmadığını açıqlamışdılar.

