Romada quraqlıq səbəbindən sular çəkildi, 2 min illik tarix üzə çıxdı
İtaliyanın paytaxtı Romada təsirli olan həddindən artıq isti hava və quraqlıq səbəbindən Tibr çayının su səviyyəsi yarıbayarı azalıb, çayın yatağında yerləşən 2 min illik Neron körpüsünün qalıqları yenidən görünməyə başlayıb.
AFN.az xəbər verir ki, Romanın mərkəzindən keçən və şəhərə həyat verən Tibr çayı bölgədə uzun müddətdir davam edən yağmursuz dövr və yüksək temperaturun təsiri ilə ciddi su itkisi yaşayır. Roma Mülki Müdafiə qurumunun rəsmiləri çayın axınının saniyədə 80 kubmetrdən aşağı düşdüyünü və bu miqdarın ilin bu dövrü üçün qeydə alınan orta göstəricinin demək olar ki, yarısına bərabər olduğunu açıqlayıblar. Qış aylarında müşahidə olunan yağışlara baxmayaraq, sonrakı uzunmüddətli quraqlıq dövrünün şəhəri böyük su böhranı ilə üz-üzə qoyduğu bildirilir.
Çayda su səviyyəsinin tarixi minimum həddə enməsi normal şəraitdə tamamilə su altında qalan 2 min illik Neron körpüsünün daş bloklarını üzə çıxarıb. Miladdan sonra təxminən 39-cu ildə İmperator Kaliqula tərəfindən qələbə abidəsi kimi tikdirildiyi düşünülən tikili qardaşı oğlu Neronun hakimiyyəti dövründə öz adını alması ilə tarixə düşüb.
Antik dövrdə indiki məşhur İspan pilləkənləri və Popolo meydanının yerləşdiyi ərazini Vatikan və Müqəddəs Pyotr bazilikasının ucaldığı ərazi ilə birləşdirən körpü sonuncu dəfə 2022-ci ildə baş verən oxşar quraqlıq zamanı üzə çıxmışdı.
Qalıqların suyun üzərinə çıxması həm şəhər sakinləri və turistlərin marağına səbəb olub, həm də arxeoloqlar üçün tikilinin araşdırılması baxımından nadir fürsət yaradıb. Suların çəkilməsi ilə tarixi körpünün qalıqları ilə yanaşı, çayın yatağına atılmış elektrikli skuterlər, məişət texnikası və avtomobillər kimi çoxsaylı tullantılar da üzə çıxıb. Mütəxəssislər çayda suyun səviyyəsi yenidən yüksəlməzdən əvvəl tarixi tikili ilə bağlı araşdırmalarını davam etdirirlər.
