Notr-Damın altında qazıntı aparan arxeoloqlar 2 min illik tarixə ulaşıblar
Turistlər Notr-Dam kafedralına daxil olmaq üçün növbədə gözləyərkən, ayaqlarının dörd metr altında diqqətçəkən bir arxeoloji qazıntı işi aparılır.
AFN.az xəbər verir ki, Parisin Roma dövrünə qədər uzanan 2 min illik keçmişinə edilən bu səyahət kafedralda 2019-cu ildə baş verən yanğının və meydanın yenidən qurulması planlarının birbaşa nəticəsi olaraq ortaya çıxıb.
Qülləsinin aşmasına səbəb olan dağıdıcı yanğından sonra Notr-Dam 2024-cü ilin sonlarında yenidən ziyarətçilərin istifadəsinə verilib.
Genişmiqyaslı şəhər yenidənqurma işlərinin bir hissəsi olaraq Paris rəhbərliyi hazırda ağacsız və boş olan meydanı kölgəlikli, ağaclarla əhatə olunmuş bir məkana çevirməyi hədəfləyir.
Lakin tarixlə zəngin olan bu şəhərdə qiymətsiz tarixi eksponatların zərər görməsinin qarşısını almaq məqsədilə altındakı hər şey diqqətlə qazılana qədər torpağa toxunmağa icazə verilmir.
Bu istiqamətdə Notr-Dam meydanının bir hissəsi aktiv qazıntı sahəsinə çevrilib.
Fransız mətbuatının artıq əsrin qazıntısı adlandırdığı ərazi baryerlərlə əhatə olunub və üzərində taxta piyada cığırı olan açıq bir quyu kimi turist növbələrinin dərhal yanında yerləşir.
Paris arxeologiya idarəsinin bərpaçısı Lüsi Altenburq Parisin tarixinə real töhfə verəcək bu işin onlar üçün nadir bir fürsət olduğunu bildirib.
İndiyə qədər üzə çıxarılan yüzlərlə əşya arasında üzərində Roma imperatoru Konstantinin təsviri olan 4-cü əsrə aid sikkə və Orta əsrlərə aid keramika parçaları var.
Bu keramika parçaları daxili hissələrində hələlik oxuna bilməyən solğun işarələrin olması səbəbindən mütəxəssislərin marağına səbəb olur.
İlk tarixi izlər səthin cəmi 50 santimetr altında başladığı halda, komanda dörd metr dərinlikdə də tarixin izlərini axtarmağa davam edir.
Araşdırmalar zamanı bəzi günlər yeraltından çıxarılan və onilliklər boyu xarab olmadan qalan tapıntılarla 15-ə qədər qutu doldurulur.
Qazıntı işlərinin rəhbəri Kamiy Kolonna kafedralın inşasına başlanıldığı 1163-cü ildə bütün meydanın orta əsr evləri ilə dolu olduğunu və ortasından tək bir küçənin keçdiyini ifadə edib.
Komanda dərinə endikcə bu orta əsr evlərinin zirzəmilərini aşkar edib.
Bu təbəqənin altında 6-cı əsrdən 10-cu əsrə qədər olan Merovinqlər və Karolinqlər dövrünə aid taxıl quyuları tapıldığı halda, daha da dərində 4-cü və 5-ci əsrlərə aid sıx bir Roma məskunlaşması müəyyən edilib.
Ümumilikdə 20 əsrlik tarix cəmi dörd metrlik bir torpaq təbəqəsinin içində üst-üstə sıralanmış vəziyyətdədir.
Ən zəngin tapıntıların bəzilərinin orta əsr evlərinin altındakı tualet və zibil quyusu kimi istifadə olunan dərin quyulardan çıxması diqqət çəkir.
Komanda bu quyulardan əsrlər əvvəl atılmasına baxmayaraq, möcüzəvi şəkildə bütöv qalmış bardaq və fincanlarla yanaşı, qırıq boşqablar və heyvan sümükləri çıxarıb.
Arxeoloq Valentin Brelu bu növ quyulardakı yumşaq və üzvi tullantıların yastıq rolunu oynayaraq keramikaları əsrlər boyu bütöv halda qoruduğunu qeyd edib.
Brelu təmizlənən Orta əsr dulusçuluq məhsullarının daxili hissəsində qırmızımtıl solğun yazıların ortaya çıxmağa başladığını və bu sirli işarələrin mənasının hələlik tapılmadığını bildirib.
İlk baxışda qara və paslanmış metal disklər kimi görünən sikkələr isə rentgen analizi ilə araşdırıldıqda 300-cü illərin əvvəllərində hakimiyyətdə olmuş Roma imperatoru Konstantinin simasını ortaya çıxarıb.
Altenburq bu növ əsərlərin yeraltı təbəqələrin tarixini müəyyənləşdirməkdə əvəzsiz olduğunu vurğulayıb.
Arxeoloqlar üçün ən dərin, ən qədim və ən az öyrənilmiş dövrü təmsil edən Roma tapıntıları xüsusi əhəmiyyət daşıyır.
Roma dövründə "Lutetsiya" kimi tanınan məskunlaşmanın əsas mərkəzi çayın qarşı tərəfindəki Sol Sahildə yerləşirdi.
Roma imperiyası zəiflədikcə əhali gələcəkdə Notr-Damın ucalacağı İll-de-la-Sit adasına çəkilib və adanı köhnə tikililərdən götürülən daşlarla möhkəmləndirib.
Kolonnanın komandası bu köçün və yenidən istifadənin real sübutu kimi, çox daha böyük bir binaya aid olduğu aydın görünən bir Roma qapı astanasının tərsinə çevrilərək yol tikintisində səki daşı kimi döşəndiyini müəyyən edib.
Üzə çıxarılan hər bir eksponat Parisin tarix anbarı olan şəhər arxeologiya mərkəzinə aparılır.
Fransada qazıntıların adətən yalnız yeni bir tikinti öncəsi aparıldığını xatırladan Altenburq bu qazıntının yalnız Paris bələdiyyəsinin ərazini gözəlləşdirmək qərarı sayəsində baş tutduğunu ifadə edib.
2028-ci ilə qədər böyük ölçüdə tamamlanması gözlənilən yeni meydan 160 yeni ağacın yer alacağı bir meşəlik sahəni və yayda daşları soyutmaq üçün nəzərdə tutulmuş nazik su təbəqəsini ehtiva edəcək şəkildə planlaşdırılır.
Bu təşəbbüs Parisin qlobal istiləşmənin gətirdiyi isti yay aylarına uyğunlaşma strategiyasının bir hissəsini təşkil edir.
Yeraltı avtomobil dayanacağının isə Sena çayına baxan bir ziyarətçi mərkəzi kimi yenidən açılması hədəflənir.
Qazıntı komandası bu prosesdə romalılardan da əvvəlki dövrə, şəhərə ilk adını verən qallara qədər çatmaq üçün daha dərin təbəqələrə enməyi qarşısına məqsəd qoyub.


