Londonda Roma dövrünə aid əhəmiyyətli tarixi tapıntılar aşkar edilib
![](/uploads/posts/2025-02/london-ofiis-tari.jpg)
Londonda bir ofis binasının zirzəmisində aparılan qazıntılar şəhərin Roma dövrünə aid ən əhəmiyyətli tarixi tapıntılarından biri olaraq xarakterizə edilib.
Arxeoloqlar qədim şəhərin ilk bazilikasına aid böyük tikilinin qalıqlarını aşkar ediblər. Təxminən 2000 il yaşı olan bu ictimai bina siyasi, iqtisadi və inzibati qərarların qəbul edildiyi mühüm mərkəzdi.
Qazıntılar nəticəsində bazilikanın bünövrəsini təşkil edən daş divarlara çatılıb. İki yarım mərtəbəli olduğu təxmin edilən quruluşun şəhərin qurulması ilə bağlı mühüm məlumatlar verdiyi bildirilir.
Qazıntı sahəsi bərpa işlərindən sonra əhalinin istifadəsinə veriləcək.
Müayinələr zamanı bazilikanın divarlarının Kent bölgəsindən gətirilən əhəng daşından olduğu müəyyən edilib. Bundan əlavə, üzərində rəsmi möhür olan dam kirəmitləri kimi müxtəlif tarixi əsərlər tapılıb.
Arxeoloqlar bazilikanın Londonun ilk forumunun bir hissəsi olduğunu deyirlər. Bu forumun geniş həyəti, ətrafında dükan və ofisləri olan sosial və ticarət mərkəzi olduğu təxmin edilir.
Təxminən 40 metr uzunluğunda, 20 metr enində və 12 metr hündürlüyündə olduğu düşünülən quruluş Roma İmperiyasının İngiltərədəki inzibati sisteminin bir hissəsidi.
Qazıntı işlərinin aparıldığı Qreysçörç küçəsi 85 ünvanında yerləşən inzibati bina sökülüb, yenidən tikiləcəkdi. Lakin bu kəşf binanın sahiblərini planlarını dəyişməyə məcbur edib.
Yeni binada Roma xarabalıqları qorunaraq sərgilənəcək və xalqın ziyarətinə açılacaq.
Londonun tarixi quruluşunu qorumaq səylərinin bir hissəsi olaraq, Roma dövründən qalma amfiteatr xarabalıqları və Mitra Məbədi kimi strukturlar daha əvvəl qorunaraq ictimaiyyətə təqdim edilib.
Səlahiyyətlilər vurğulayırlar ki, bu cür kəşflər keçmişlə bu günü birləşdirən mühüm körpü təşkil edir.