Qazi Məhəmməd: "Tovuzun icra başçısı mənə dedi ki, maaşımı uşağımın boğazından kəsim sənə verim?!"


Tovuzun Girzan kəndindən olan qazi Məhəmməd rayon rəhbərliyindən narazıdır.


AFN xəbər verir ki, bu barədə jurnalist Lalə Mehralı bildirib. Onun sözlərinə görə, Məhəmməd pensiyasını ala bilməsi üçün sənədini təqdim edə bilmir: "Çünki yol pulu tapıb Bakıya Papaninə gələ bilmir, həm Papanin, həm Maştağadan sənəd almalıdır. Əsa ilə gəzir, atası yataq xəstəsi, anası işsiz. Qazını-işığını kəsiblər ailənin, borcları olduğu üçün. Məhəmməd Tovuz Rayon İcra Hakimiyyətinə gedib. "Mənə kömək edin Bakıya gedim sənədimi alım pensiyam düzəlsin" deyib. İcra başçısı Məmməd Məmmədov nə desə yaxşıdı? "Mən 1200 manat maaş alıram, onu da uşağımın boğazından kəsim sənə verim?!" Bəli, məhz beləcə də deyib. Məhəmməd telefonda yana-yana danışır, deyir ayağım işləsə, daş daşıyıb çıxardaram yolpulumu. Hərçənd İH-nin büdcəsində 100 m pul tapılardı, heç başçının maaşına ehtiyac qalmazdı. İkincisi də, bu məmurlar nəinki maaşlarını, bütün var-yoxlarını da versələr məhəmmədlərin borcundan çıxa bilməzlər. Hər həftə bir şəhid məzarında şəkil çəkdirib yaymaqla olmur bu işlər, cənab başçı! Qazilərin pafosa yox diqqətə, köməyə ehtiyacı var".
Məlum olub ki, Məhəmməd bir neçə dəfə yaşadığı ərazinin deputatı Qənirə Paşayevanın qəbulunda olub, deputat ona lazımı köməklik göstərib. Eyni zamanda rayonun digər deputatı Arzu Nağıyev də Məhəmmədi qəbul edərək problemlərinin həllində yardımçı olmağa çalışıb. Lakin onun Bakıya gəlib lazım olan sənədləri toplaması üçün rayon rəhbərliyindən yardım istəyi, yuxarıda da qeyd edildiyi kimi, cavabsız qalıb. İndi Məhəmmədə sosial şəbəkələrdə yardım kampaniyasına başlanılıb. Ümid edirik ki, yardımsevər insanların sayəsində həm onun müalicəsinə, həm də Bakıya gəlib sənədlərini götürməsinə lazım olan vəsait toplanacaq. Tovuz rayonunda isə hələ görünür, çox qazilər Məmməd Məmmədovun qəbulundan əli ətəyindən uzun çıxacaq.
Mövzunu diqqətdə saxlayacağıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu