Əlillik təyinatı ilə bağlı verilən imtinaların səbəbi açıqlanıb
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlillik təyinatı ilə bağlı verilən imtinaların səbəbini açıqlayıb.
Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov məlumat verib.
Onun sözlərinə görə, ötən il üçün Azərbaycanda əlillik təyinatı üçün elektron sistemə daxil edilən 200 mindən çox göndəriş qiymətləndirilib: "Nəticədə ötən il ölkədə 60 mindən çox əlillik təyinatı aparılıb: “Bunun 18 mini ilkin, 43 minə yaxını təkrar əlillik təyinatları olub, 12 minə yaxın uyğunsuz göndərişə isə imtina verilib. Daha 60 minə yaxın göndəriş natamam olduğundan imtina qərarı alıb. Tam müalicə kursu başa çatmadan rəsmiləşdirilən 56 min civarında göndəriş də geri qaytarılıb. Çünki əlavə müalicəyə ehtiyac var. İmtina qərarı verilən 700-ə yaxın göndəriş isə diaqnozun öz təsdiqini tapmamasına görə olub”.