“Land of Fire-Azerbaijan” komandası dünya kubokunu qazanıb
Ölkəmizin təbliği üçün təşkil edilən müxtəlif beynəlxalq tədbirlərin təşkilində yaxından iştirak edən “Azerçay” bu dəfə İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 37-ci dünya kubokunda iştirak edən Azərbaycan Atçılıq Federasiyasının “Land of Fire-Azerbaijan” komandasının yanında olub.
Yanvarın 27-də start götürən yarışda uğurla mübarizə aparan komandamız finala vəsiqə qazanıb və Fransanın “Clinique La Prairie” komandasına 6:2 hesabı ilə qalib gələrək ilk dəfə sözügedən turnirin qalibi olub.
Qeyd edək ki, oyunların keçirildiyi meydanın yaxınlığında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana həsr olunan pavilyon yaradılıb. Burada Azərbaycanın tarixi, mədəni irsi barədə məlumatlar, video çarxlar, suvenirlər, müxtəlif nəşrlər təqdim edilib. 40-dan çox xarici ölkəyə ixrac edilən və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən “Azerçay” brendinin də məhsulları pavilyonda nümayiş edilib və iştirakçıların böyük marağına səbəb olub. Pavilyonda həmçinin qonaqlar üçün milli mətbəximizin təamları hazırlanıb, eləcə də toxucularımız Azərbaycan xalçalarının toxunması qaydalarını yerindəcə izləyicilərə nümayiş etdirib.