Ərdoğan Putinlə Ukraynanı müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Anadolu” agentliyi xəbər verir ki, Rusiya-Ukrayna məsələsinin müzakirə edildiyi görüşdə Ərdoğan Putinlə regional məsələlərdə qurduğu sıx dialoqa hər zaman böyük əhəmiyyət verdiyini, bunun müsbət nəticələrini gördüklərini və bu yanaşmanın davam etdirilməsi əzmində olduğunu vurğulayıb.
Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə zidd addımları tanımadıqlarını və bunun prinsipial bir münasibət olduğunu bildirən Ərdoğan, Minsk razılaşmaları əsasında bir nəticəyə gəlməyin vacib olduğunu qeyd edib.
Problemin daha da mürəkkəbləşəcəyinə və xüsusilə də hərbi qarşıdurmanın heç kimə fayda verməyəcəyinə diqqət çəkən Ərdoğan bu anlayışla diplomatik təmas və danışıqların davam etdirilməsinə önəm verdiklərini, Türkiyənin gərginliyin azaldılması üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib.
Bu məsələnin dialoq yolu ilə həll edilməsi çağırışını dilə gətirən Ərdoğan diplomatiyanın önə çəkilməsinin faydalı olduğuna və NATO daxilində də konstruktiv mövqe tutduqlarına diqqət çəkib.
Ərdoğan Putinin keçən ilin sentyabrında Soçiyə səfəri zamanı razılaşdırıldığı kimi, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı üçün ən qısa zamanda Türkiyəyə səfərini gözlədiyini bir daha vurğulayıb.