Azərbaycan Silahlı Qüvvələrindən Xocalıda ermənilərə xəbərdarlıq: "Ərazini dərhal tərk edin!" - VİDEO

“Burada yaşamaq istəyirsənsə, Azərbaycan qanunlarına əməl et”. Azərbaycan Silahlı Qüvvələri səsgücləndirici ilə Qarabağ ermənilərinə müraciət edib.
AFN.az Caliber.az-a istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri təmiz erməni dilində, səsgücləndiricilər vasitəsilə Qarabağ ermənilərinə, eləcə də Rusiya sülhməramlı kontingentinin Qarabağ bölgəsində müvəqqəti məsuliyyət zonasında olan erməni quldur dəstələrinin qalıqlarına xəbərdarlıqla müraciət ediblər.
Hərbi dairələrdəki məlumatlı mənbələrdən verilən məlumata görə, xəbərdarlığın mətnində belə deyilir:
“Erməni millətindən olan vətəndaşlara müraciət! Siz Azərbaycan Respublikasının ərazisindəsiniz. Burada istənilən fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər şey qanunsuzdur. Hazırkı mühəndislik işiniz qanunsuzdur.
Müharibəyə hazırlaşmayın və ərazimizdə sərhəd qurmağa çalışmayın! Burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına əməl edin!
Təhlükəsizliyiniz üçün işi dayandırın və dərhal ərazini tərk edin. Əks halda sizə qarşı güc tətbiq olunacaq. Zərərlərinizə görə məsuliyyət daşıyırsınız. Özünüzü və ailənizi təhlükəyə atmayın! Ərazini tərk edin! Bölgədən çıxın!”
Həmçinin, Azərbaycan Silahlı Qüvvələri Xocalı rayonunun Pirlər kəndində yaşayan mülki Qarabağ ermənilərinə xəbərdarlıq edir ki, Azərbaycan hakimiyyətinin rəsmi icazəsi olmadan hər hansı kənd təsərrüfatı işlərinin aparılması qanunsuzdur və onlar icazə almadan iş gördükləri ərazini tərk etməyə məcburdurlar.