Müharibəyə “yox” deyən oliqarxlar arasında Putinin dostu da var


Sosial şəbəkələrdə rusiyalı milyarderlərin Ukraynada davam edən müharibə ilə bağlı fikirləri geniş müzakirələrə səbəb olub. Rusiyalı oliqarxlar Mixail Fridman və Oleq Deripaska müharibəni dayandırmağa çağırıb.


Müharibəyə qarşı ilk olaraq Rusiyanın ən böyük bankının sahibi Mixail Fridman çıxış edib. “Forbes”in siyahısında 128-ci yerdə qərarlaşan Fridman “LetterOne” investisiya şirkətinin əməkdaşlarına göndərdiyi məktubda bildirib: “Mən əminəm ki, müharibə heç vaxt həll yolu ola bilməz. Bu böhran canlar bahasına başa gələcək və yüz illərlə qardaş olan iki xalqa ziyan vuracaq. Mən Ukrayna və Rusiya xalqlarına dərindən bağlıyam və bu münaqişəni hər iki ölkə üçün faciə kimi qiymətləndirirəm... Mən ancaq qan tökülməsini dayandırmağı arzu edənlərə qoşula bilərəm”.



Fridman məktubu fevralın 25-i, Rusiyanın Ukraynada əməliyyata başlamasından sonra göndərib.

Milyarder daha sonra yaranmış vəziyyəti şərh etməyə məcbur olub: “Bu mənim “LetterOne” şirkətinin əməkdaşlarına göndərdiyim şəxsi məktub idi. Təəssüflər olsun ki, məktub ictimailəşdi. Bunu nəzərdə tutmamışdım”.



Bu arada Rusiyanın “Bazavoy element” holdinqinin sahibi, eyni zamanda da Rusiya prezidenti Vladimir Putinin yaxın adamı kimi tanınan Oleq Deripaska teleqram kanalında mövqeyini daha açıq şəkildə bildirib.

“Sülh olduqca önəmlidir! Danışıqları tezliklə başlamaq lazımdır”, - deyə dünyanın ən zəngin 775-ci adamı qeyd edib.

Qeyd edək ki, “Forbes”in məlumatına görə, Mixail Fridamanın sərvəti 11,7 milyard ABŞ dolları, Oleq Deripaskanın sərvəti isə 3,8 milyard ABŞ dollarıdır. (Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu