Britaniya rusiyalı milyarder Mixail Fridmanla bağlı istintaqı dayandırıb
Britaniyanın Milli Cinayət Agentliyi (NCA) ötən ilin sonlarında Londondakı evində dramatik axtarış apardıqdan sonra rusiyalı milyarder Mixail Fridmanın sanksiyalardan yayınması ilə bağlı araşdırmanı dayandırıb.
"Bloomberg"in xəbərinə görə, reyd zamanı 50-dən çox polis Fridmanın Londonun şimalında 65 milyon funt-sterlinq (80,8 milyon dollar) dəyərində olan malikanəsinə basqın edib və 59 yaşlı iş adamını həbs edərək rəqəmsal cihazlar və xeyli miqdarda pul ələ keçirib.
"NCA təsdiq edə bilər ki, 2022-ci ilin dekabrında Athlone House-da verilmiş order əsasında Mixail Fridman-a qarşı heç bir tədbir görməyəcək", - deyə qurumun sözçüsü "Bloomberg"in suallarına cavab verib. O, qeyd edib ki, daha geniş istintaqın bir hissəsi olan əlaqəli şübhəlilərlə bağlı araşdırmalar davam edir.
Fridman bankçılıq, neft sənayesi və pərakəndə ticarətdə milyardlar qazanmış Rusiyanın ən məşhur iş adamlarından biridir. O və tərəfdaşları 2013-cü ildə neft şirkəti TNK-BP-nin satışından 14 milyard dollar qazandıqdan sonra o, dünya üzrə biznesə investisiya yatıran özəl kapital firması yaratmaq üçün Böyük Britaniyaya köçüb. Böyük Britaniya və Avropa Birliyi Ukraynada müharibə başlayandan az sonra Fridman və onun tərəfdaşlarına sanksiya tətbiq edərək, aktivlərini dondurub. O, məhdudiyyətlər altında yaşayaraq Londonda qalıb. ABŞ ötən ay Fidmana qarşı sanksiyalar tətbiq edib.
Agentlik Fridmana sanksiya tətbiq edilməzdən əvvəl "Alfa Bank"dan icraçı köməkçisinə kredit ödədiyi iddiası ilə araşdırma aparırdı. Məhkəmə artıq axtarış qərarında “texniki xətaların” olduğunu müəyyən edib.
İyul ayında keçirilən məhkəmə iclasında Fridman basqının qanunsuz olduğunu deyib və bir sıra sübuta yetirilməmiş cinayət ittihamlarını ehtiva edən 15 illik hesabat da daxil olmaqla “günahlandırıcı sübutlara” istinad edib.
Fridman NCA-nın qərarını şərh etməkdən imtina edib.
Ancaq Fridman üçün istintaq hələ bitməyib. O, bu ay biznesmenin “cinayətkar fəaliyyətini, o cümlədən nəzarət etdiyi “Alfa Group” investisiya konsorsiumu vasitəsilə Rusiyada müharibənin maliyyələşdirilməsində iştirakını” sənədləşdirdiklərini söyləyən Ukrayna hakimiyyəti tərəfindən ayrıca təhqiqatla üzləşib.