“Associated Press”: İraqın Ərbil şəhərinə raket İrandan atılıb


Bazar günü gecə İraqın şimalındakı Ərbil şəhərinə raket zərbəsi İran ərazisindən həyata keçirilib.


“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, bunu İraq və Amerika rəsmiləri də təsdiqləyiblər. Onlar İraq Kürdüstanının paytaxtının hansı yerdən atəşə tutulduğu barədə ətraflı məlumat verməyiblər.

İraqlı mənbənin sözlərinə görə, atəşin hədəfi ABŞ-ın Ərbildəki Baş konsulluğu olub, lakin tikilməkdə olan ABŞ diplomatik missiyasının binası ərazisində partlayan raketlərin heç biri ciddi ziyan vurmayıb. Atəş zamanı həmçinin zərərçəkən olmayıb.

Qeyd edək ki, daha əvvəl “Kürdistan-24” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat verib ki, əraziyə ümumilikdə 12 ballistik raket buraxılıb. Telekanalın ofisinin yerləşdiyi binaya ziyan dəyib, ölən və xəsarət alan olmayıb. Eyni zamanda “Rudaw” telekanalı 14 raketin atıldığını bildirib. Təhlükəsizlik qüvvələri hücumla bağlı araşdırma aparır.

Öz növbəsində, “Reuters” agentliyi adının açıqlanmasını istəməyən amerikalı rəsmiyə istinadən bildirib ki, atışma ABŞ hərbçiləri arasında itkilərə səbəb olmayıb.

***

İraqın Ərbil şəhərində ABŞ-ın Baş konsulluğunun binası yaxınlığında bir neçə raket düşüb.


Bu barədə İraqın Milli Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, şəhərdə ən azı üç partlayış baş verib, həyəcan siqnalları səslənib. Bundan əlavə, İraqın Kürd Muxtariyyətinin paytaxtının beynəlxalq hava limanı tərəfindən işlər dayandırılıb, bölgədə mülki hava hərəkəti dayandırılıb.

Ərbil qubernatoru Omed Xoşnavın sözlərinə görə, şəhərə raket hücumu nəticəsində xəsarət alan olmayıb. Dağıntılar barədə məlumat verilməyib. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

“Rudaw” telekanalı əraziyə 14 raketin düşdüyünü xəbər verib. Qeyd edilir ki, bir neçə binaya cüzi ziyan dəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu