İsraildən Türkiyəyə qaz kəmərinin çəkilməsi nəzərdə tutulur
İsrailə məxsus “Leviathan” dəniz qaz yatağından Türkiyəyə boru kəməri tikintisi ilə bağlı iki ölkə arasında danışıqlar aparılır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, gələcək boru kəmərinin xətti və layihə iştirakçıları barədə son qərar qarşıdakı aylarda veriləcək.
“Türkiyə - İsrail qaz kəməri Rusiyadan Avropaya enerji daşıyıcıları tədarükünə alternativlərdən biri kimi müzakirə olunur”, - iki ölkənin rəsmi və özəl sektor nümayəndələri bildiriblər.
Qeyd edək ki, İsraillə yanaşı, İordaniya və Misiri də təchiz edən “Leviathan” qaz yatağını istismar edən “Chevron”, “NewMed Energy” və “Ratio Oil” şirkətləri illik hasilatı 12 milyarddan 21 milyard kubmetrədək artırmaq niyyətindədir. İsrail rəsmilərinə görə, 500-550 km uzunluğunda boru kəmərinin tikintisi 1,5 milyard dollara başa gələcək. Halbuki daha əvvəl “EastMed” şirkətinin təklif etdiyi İsrail - Kipr - Yunanıstan - İtaliya boru kəməri layihəsinin dəyəri 6 milyard dollardır.