“Lotu Quli”nin yaxın adamını öldürən şəxs istintaq təcridxanasına köçürüldü
Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxs saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına köçürülməsini istəyib. Məhkəmədə onun vəsatəti təmin olunub.
Qərara əsasən, Camal Həsənov Ədliyyə Nazilriyinin Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına köçürülüb.
Məhkəmə baxışı aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, Camal Həsənov 2017-ci ildə Rusiyada Cabir Həsənovu qətlə yetirib. O, ötən il Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
“Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov mərhum Rövşən Caniyevin (Lənkəranski) yaxın adamı olub.
Xatırladaq ki, “qanuni oğru” R.Caniyev 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib N.Səlifov isə 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb. (Report)