Azad olunan ərazilərimizdə su ehtiyatlarının qiymətləndirilməsi necə aparılır?


“Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə səsləndirdiyi kimi işğal dövründə ölkəmizin bütün su mənbələri, çayları, anbarları ekoloji terrora məruz qalıb. İşğal dövründə həmin sulardan, çaylardan istifadədə məhdudiyyət var idi. Xüsusilə də Tərtərçayla bağlı ekoloji fəlakət yaşanmışdı”.


Bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.

Nazir müşavirinin sözlərinə görə, azad olunan ərazilərdəki çayların vəziyyətinin öyrənilməsi üçün mütəmadi şəkildə araşdırmalar aparılır:

“Bu məsələyə yerli və beynəlxalq əhəmiyyətli laboratoriyalar cəlb olunub. Aparılan araşdırmalara görə Ermənistan ərazisindən daxil olan transsərhəd çayı olan Oxçuçayın suyunda və dib çöküntülərində bir sıra çirkləndirici maddələrin, xüsusilə də ağır metalların normadan, bəzi hallarda hətta dəfələrlə artıq olduğu məlum olub. Bunun da mənbəyi Ermənistan ərazisində yerləşən dağ-mədən kombinantlarının işidir. Həmçinin ətraf ərazilərdə olan məişət, istehsalat və sənaye tullantılarının təmizlənmədən birbaşa çaya axıdır. Biz bunun dəhşətli kadrlarını da görmüşük”.

Azad olunan ərazilərimizdə su ehtiyatlarının qiymətləndirilməsi üçün görülən tədbirlərdən danışan R.Səttarzadə bildirib ki, həmin yerlərdəki su və su təsərrüfatı obyektlərində qiymətləndirmə üçün müsair texnologiyalara əsaslanan ölçmə cihazları qurulur:

“10 çay üzərində 11 müasir hidroloji stansiyalar quraşdırılır. Həmçinin ölçmələrə nəzarət həyata keçiriləcək. Bu məlumatların onlayn rejimdə elektron su təsərrüfatı informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülür, mütəmadi şəkildə monitorinqlər keçirilir. Əvvəlki hidroloji stansiyalar məhv edilmişdi. Avtomat stansiyalar fəaliyyətə başladıqdan sonra müşahidə məlumatları, eləcə keyfiyyət bərpa olunacaq. Bununla da təhlükə yaradacaq hidrometeroloji hadisələri izləmək mümkün olacaq. Sel və daşqın hadisələri barədə proqnoz vermə imkanları genişlənəcək. Bölgənin su ehtiyatlarının dəyişməsi prosesi də qiymətləndiriləcək”.

O qeyd edib ki, azad olunan ərazilərdə 9 su anbarı mövcuddur:

“Onların həcmi 600 milyon kubmetrdən çoxdur. Ermənilər bizləri onlardan məhrum qoymuşdu. Həmin su anbarlarından əkin sahələrinin suvarılması üçün müxtəlif istiqamətlər üzrə imkanlar yaradılıb. Həm insanların istifadəsi, həm kənd təsərrüfatının inkişafı, həm də elektrik enerjisinin istehsalı və digər sahələr üçün su anbarları vasitəsilə mümkün olacaq”.

“Su ehtiyatlarından səmərli istifadə əsas hədəflərdəndir. Çünki nəinki bütün dünyada, eləcə də ölkəmizdə su ehtiyatları azalır. Əlavə su itkilərinin azaldılması və sudan qənaətlə istifadə etmək lazımdır. Bununla bağlı müxtəlif istiqamətlərdə işlər görülür. Alternativ su mənbələrindən və sudan təkrar istifadə ilə bağlı layihələrin icrası nəzərdə tutulur. Uçot qiymətləndirmə sisteminin qurulması da bu sahədə görüləcək işlər sırasındadır” – müşavir əlavə edib.

Report



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu