Oxçuçayın çirklənməsi məsələsi ETSN-in diqqətindədir
"Oxçuçayın çirklənməsi məsələsi Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) diqqət mərkəzindədir".
Bunu AFN-ə ETSN-in Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.
O, işğaldan azad edilmiş ərazilərimizdə Ermənistandan keçməklə Azərbaycana daxil olan digər transsərhəd çayların da olduğunu qeyd edib. Onun sözlərinə görə, bütün bu çaylarda yüksək çirklənmə səviyyəsi müşahidə olunur.
“Məlumdur ki, çirklənmiş sular Ermənistandan Azərbaycan ərazisinə daxil olur və birbaşa Kür və Araz çaylarına tökülür”, - Mütəllim Əbdülhəsənov deyib.
O bildirib ki, Azərbaycan çayların çirklənməsi ilə bağlı vəziyyəti nəzarət altında saxlayır: "Müvafiq nümunələr götürülüb və təhlil aparılır".