Bakı-Qəbələ qatarı üçün hələ 2 il də gözləməli olacağıq - AÇIQLAMA

Pandemiyadan sonra dövlət bir sıra tədbirlər reallaşdırır ki, iqtisadiyyatın müxtəlit sahələrində yaranan problemlər, ləngimələr aradan qalxsın. Bu istiqamətdə ölkə Prezidentinin bir çox fərman və sərəncamları, çıxışları da diqqət çəkir. Bu xüsusda daxili turizmin inkişafı üçün görülən işlər ön plandadır. Prezident İlham Əliyev iş adamlarını, məmurları və vətəndaşları hər zaman daxili turizmin potensialından istifadə etməyə çağırır, bunun ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün vacib amil olduğunu vurğulayır.
Daxili turizmin inkişafında vacib olan tədbirlərdən biri də şəhərlərarası sərnişindaşımanın yüksək səviyyədə təşkili, eyni zamanda əlçatan olmasıdır. Bu istiqamətdə bir çox işlər görülür, yeni yollar çəkilir, mövcud yollar abadlaşdırılır, nəqliyyat parkı yenilənir və s. Hələlik ölkə daxilində şəhərlərarası sərnişindaşımanın yüksək səviyyədə təşkilindən danışmaq da təəssüf ki, mümkün deyil.
Qeyd olunan sahədə ciddi tədbirlərdən biri sürət qatarlarının fəaliyyətə başlaması ola bilər. Lakin ötən il açılışı olan Bakı-Qəbələ sürət qatarının hələ də fəaliyyətə başlamaması onu deməyə əsas verir ki, daxili turizmin inkişafında, sərnişindaşımanın keyfiyyətinin artmasında bu layihənin payından danışmaq tezdir. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AFN-in müvafiq sorğusuna verilən cavabdan da aydın olur ki, layihənin işə düşməsi üçün hələ azı 2 il gözləməli olacağıq: “Azərbaycan Dəmir Yolları" QSC-nin balansında hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı var. Bu qatarlardan 7 ədədi Abşeron dairəvi dəmir yolu istiqamətində fəaliyyətdədir. 1 qatar Bakı-Gəncə istiqamətində işləyir. Digər qatar isə həm Bakı-Sumqayıt, həm də Bakı-Gəncə reyslərini həyata keçirir. Nəzərinizə çatdırırıq ki, ADY vaqon parkını genişləndirmək məqsədilə daha 10 qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur”.
Cavabdan da aydın olduğu kimi, Bakı-Qəbələ xəttinin azı iki ildən sonra fəaliyyətə başlaması nəzərdə tutulur. Mütəxəssislər isə bildirirlər ki, Azərbaycan kimi coğrafi baxımdan kiçik olan ölkələrdə qatarla səyahət çox vacibdir. Qəbələ rayonu isə həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas turistik mərkəzlərindən hesab olunur. Bu baxımdan ilin bütün mövsümlərində Qəbələ turist cəlb edən yeganə destansiyalardandır. Çünki burada həm qış, həm də yay turizmi üçün yetərli imkanlar var. Belə bir vacib layihənin 6 il (2018-ci ildən başlayıb-red.) sürməsi heç də yaxşı idarəetmədən xəbər vermir.
Mövzu ilə bağlı geniş material hazırlanacaq.