Yeni Yasamalda yaşıllıqları kim məhv edib? - ETSN məsələni diqqətə götürdü (FOTOLAR)


Yeni Yasamal 2, bina 7-nin sakinləri binanın həyətindəki yaşıllığın məhv edilməsindən şikayətçidirlər.


Sakinlərin AFN.az-a göndərdikləri fotolardan və məlumatdan aydın olur ki, binanın arxa tərəfində olan yaşıllıq artıq yoxdur: "Bura çox gözəl yaşıllıq idi. 1-ci mərtəbədə yaşayan sakinlər hərəsi öz pəncərəsinin qarşısında ağaclar əkib suvarırdılar, təmizləyirdilər, yuxarı mərtəbələrdə yaşayanlar zibil ata bilmirdilər. Bu gün (19 apreldə-red.) "Azərsu"nun xahişi ilə Yasamal Rayon İcra Hakimiyyəti buldozeri göndərib ağacları yerindən çıxartdı, bütün yaşıllığı məhv etdi. Deyirlər, yolu genişləndiririk. Hansı yolu, axı bu yoldan heç kim istifadə etmir. Bu məmurlar niyə bu qədər yaşıllıq düşmənidir?"

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələ ilə bağlı sorğumuza cavabında bildirdi ki, həmin ərazidə qurumun Yeni Yasamal 2 ünvanını təmin edən məhəllədaxili su anbarı və nasos stansiyası var: "Anbara giriş xəttində qəza var. O qəzanın aradan qaldırılması ilə bağlı bizim əməkdaşlarımız yol çəkiblər. Amma digər məsələlərlə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən soruşmaq lazımdır. Yaşıllıqların məhvi "Azərsu" ASC-nin işi deyil".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də problemlə bağlı sorğu verdik. Qurumdan bildirildi ki, məsələ araşdırılacaq və bu barədə açıqlama veriləcək.

Yasamal RİH-dən isə sorğumuzu ünvanlamağa məmur tapa bilmədik. Qurumun saytında göstərilən çoxsaylı telefon nömrələrinə, o cümlədən Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə etdiyimiz zənglər cavabsız qaldı.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu