İş adamı Ziya Məmmədovdan pay tələb edir
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun “Goranboy Gips” ASC-yə məxsus yataqları talan etməsi ilə bağlı iddialar yayılıb.
AFN.az “Musavat”a istinadən xəbər verir ki, ASC-nin əvvəlki sahiblərindən Aydın Qasımov ona divident verilməməsindən narazıdır. Qasımovun sözlərinə görə, ona şirkətin mənfəətlə işləmədiyini deyərək 37 faizlik payına görə divident verməkdən imtina edirlər. Lakin o, faktiki olaraq “Goranboy Gips”ə məxsus malların ölkənin bütün sement zavodlarına satıldığını, hətta Gürcüstana da ixrac olunduğunu bildirib. Aydın Qasımov onu zavoda buraxmadıqlarını da deyir.
Qeyd edək ki, şirkətin əsas qurucusu Aydın Qasımovun mərhum qardaşı Füzuli Qasımovdur. O, uzun müddət Ziya Məmmədovla şirkətlə bağlı məhkəmə çəkişmələri aparıb. 2015-ci ilin martında Yasamal rayonunda icarəyə götürdüyü ofisdə meyiti aşkarlanıb. İstintaq Füzuli Qasımovun intihar etməsi qənaətinə gəlib.
Hazırda mərhumun qardaşı Aydın Qasımov Gəncə Apellyasiya Məhkəməsində çəkişməni davam etdirir. Ona və qardaşına məxsus paylar üzrə divident ödənilməsini istəyir.
Xatırladaq ki, “Goranboy Gips” Qasımovlardan alınandan sonra bu gün “Fortis” adı ilə fəaliyyətdə olan, vaxtilə “ZQAN Holdinq”ə daxil olan “Azbentonit”ə ötürülüb.