Mariupolda 25 min insan həlak olub - əksəriyyəti mülki şəxslərdir
Ukraynanın Mariupol şəhərində əksəriyyəti mülki şəxslər olmaqla, 25 min insan həlak olub.
AFN.az xəbər verir ki, bu barədə Azov alayının kəşfiyyatçısı İlya Samoylenko mətbuata açıqlamasında deyib.
Samoylenko, həmçinin Mariupolda Rusiya tərəfinin itkiləri barədə məlumat verib. Belə ki, 2 500-dən çox Rusiya hərbçisi ölüb, daha 5 min nəfər yaralanıb.
"Biz 60-dan çox tankı məhv etdik. Bu, onların ölkə üzrə itkilərinin 10%-dən çoxdur. Zirehli transportyorlar, artilleriya sistemləri ilə bağlı vəziyyət eynidir. Rusiyadan gələn bütün bombardmanların təxminən 50%-i Mariupolun payına düşür”, - kəşfiyyatçı bildirib.
O, qeyd edib ki, Azov alayı ən yaxşı və effektiv taktikaları araşdırmaq üçün 2014-cü ildən hərbi əməliyyatları təhlil edir.
“Buna görə də biz Mariupolu uzun müddətdir saxlayırıq”, - Samoylenko vurğulayıb.
Bundan əvvəl baş nazirin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk bildirib ki, Azovstaldan bütün qadın, uşaq və qocalar təxliyə edilib.
Qeyd edək ki, Ukrayna və Rusiya mayın 5-dən 7-nə kimi Azovstalda atəşkəs barədə razılığa gəliblər.