SOCAR-da yol verilən hüquq pozuntuları ictimailəşdirildi


Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı ombudsman Səbinə Əliyevanın İnsan Hüquqları Aylığı (18.05-18.06) elan olunması ilə əlaqədar müraciəti əsasında SOCAR-da yol verilən hüquq pozuntularını ictimailəşdirib.


AFN.az-ın xəbərinə görə, "Biz də ölkəmizin hasilat sənayesində fəaliyyət göstərən şirkətlərdə insan hüquqlarının pozulma faktlarını xanım ombudsmanın diqqətinə çatdırırıq" deyən xanım Qəhrəmanlı bildirib: "SOCAR-ın strukturuna daxil olan bütün idarə və müəssisələrdə (şirkətin baş ofisi istisna olmaqla)
attestasiya qabağı ölkənin əmək qanunvericiliyinə zidd olan “məqsədyönlü” test imtahanları keçirilir. Bundan başqa, iş daimi xarakterə malik olduğu halda işçilərlə müvəqqəti əmək müqaviləsi bağlanılır. Bu da işəgötürənə arzuolunmaz işçinin rahatlıqla işdən azad olunmasına imkan verir. Pandameyanın sona çatmasına baxmayaraq, işçilər boşdayanmaya göndərilir. Bu hal Kompleks Qazma İşləri Trestində qeydə alınıb. Belə olanda isə işçi əmək haqqının 70%-ni alır. "Günəşli" yatağında çalışan işçilərin 1967-ci ildə inşa olunmuş, sahil gəzintisi üçün nəzərdə tutulmuş, göyərtəsinə əlavə oturacaqlar quraşdırılmış köhnə, şəraitsiz PS-173 gəmisi ilə işə göndərilməsi işçi hüquqlarının pozulmasıdır! İşçilər bu gəmi ilə 7-8 saat yol getməli olurlar. Daha bir problem odur ki, Əmək Məcəlləsinin 10-1 maddəsinə zidd olaraq təqaüd yaşına çatmış işçilərə məcburi işdənçıxma ərizəsi yazdırılır.
Şikayətlər "Vətəndaşların müraciətləri haqqında" qanunun 7.13-cü maddəsi pozularaq qanunazidd hərəkətindən şikayət edilən subyektə və ya onun vəzifəli şəxslərinə göndərilir. Bu da şikayət edən şəxsin işini itirməsi ilə nəticələnir. Bu, həm SOCAR-da, həm də tərəfdaş şirkətlərdə müşahidə olunur. Məsələn, "Qarasu Əməliyyat Şirkəti"nin (QƏŞ) və "ŞİRVAN OİL" in rəhbəri Vladimir Oleqoviç Davlyatovdan "Qarasu Əməliyyat Şirkəti"ndə işləyən müharibə veteranları və sıravi işçilər tərəfindən kollektiv şəkildə şikayət ərizələri olub, bu məktublar da baxılmaq üçün Davlyatovun özünə göndərilib. V.O Davlyatov isə bu işçilərdən istədiyi kimi qisas alıb. Ələlxüsus vəzifəsi olan işçilərdən".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu