"Tərtər-2" və ya xain şəbəkə hələ də iş başındadır - Ərəstun Orucludan SOS!
"İzləyənlər xatırlayırlar, 44 günlük müharibədən həmən sonra demişdik ki, "Əsrin cinayətini" təkrar gündəmə gətirməkdə əsas məqsədimiz düşmən törtöküntülərinə qalib orduya qarşı yeni repressiyalar həyata keçirməyə imkan verməmək olub. Bəli, məhz elə müharibənin son günlərində xainlər artıq öz məkrli işinə başlamışdı".
AFN.az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu yazıb. O bildirib ki, son aylar ərzində bu iş daha daha da intensivləşib: "Onlarla hərbçi ən müxtəlif bəhanələrlə cinayət və xəyanət yuvası olan Hərbi Prokurorluq tərəfindən çağrılaraq təhdid olunub. Mənə bununla bağlı azı 12 nəfər şəxsən müraciət edib və bu haqda əvvəllər çıxışlarımda da bildirmişdım.
Təsəvvür edin, hərbçiyə ittiham irəli sürürlər ki, guya o, yaralı erməni hərbçini qətlə yetirib və ya hansısa əsiri öldürüb, erməni hərbçini talayıb və s. Qısası, Xanlar Vəliyev və onun dəstəsi qisas almaqdadır. Ardınca bu ittihamları aradan qaldırmaq üçün böyük məbləğdə rüşvət verməyə məcbur edirlər.
Nəticədə ön cəbhədə ləyaqətlə düyüşmüş (və eynilə Tərtər qətliamında olduğu kimi, indi də hədəf kimi belələrini seçirlər) hərbçilərimiz borca düşürlər, evlərini, əmlaklarını satıb həmin rüşvəti ödəməyə məcbur olurlar. Niyə? Ona görə ki, onları heç kimin müdafiə etməyəcəyinə əmindirlər. Ona görə ki, onların hamısı üçün Tərtər qətliamı kimi acı bir nümunə var.
Bu, artıq kütləvi hal almış praktikadır və dediyim kimi, son günlər sürətlə artmaqdadır, mahiyyətcə Tərtər qətliamının formaca fərqli "sürünən" variantıdır. İndi artıq minlərlə hərbçini toplayıb onlara kütləvi işgəncə vermək 2017-ci ildə olduğu qədər asan deyil. Bu gün belə açıq cinayətin ağır bədəli ola bilər.
Kimsə düşünə bilər ki, bütün bunlar rüşvət almaq, sərvət toplamaq məqsədilə edilir, amma "Əsrin cinayəti" ilə az-çox tanış olanların belə düşünməyə haqqı yoxdur. Bu, ölkəmizə qarşı davam edən hibrid müharibənin növbəti mərhələsidir. Daha doğrusu, davamıdır, sadəcə bu dəfə bir qədər qapalı formada.
Yaxşı, deyək ki, lap bunların hamısı Hərbi Prokurorluqda kök salmış cinayətkarların təşəbbüsüdür, amma onda sual meydana çıxır ki, bəs qaziləri 80 manatla alçaldan, onların adicə sənədlərini vermək istəməyən qurumlar da Hərbi Prolurorluğa tabedir? Xeyr, əlbəttə. Bunların hamısı vahid mərkəzdən koordinasiya olunan əməllərdir.
Məqsəd də xalqı, onun ordusunu sistemli, planlı və metodik şəkildə alçaltmaq, sındırmaq və sıradan çıxarmaqdır. Başqa sözlə, qalib xalqı və onun qalib ordusunu məğluba çevirmək. Yaxşı lap deyək ki, bunlar də necəsə spontan baş verir, o zaman Tərtər qətliamının "təkrar istintaqının" gedişinə nə ad verək?
Məlumunuz olsun ki, bu gün də prokurorluq və onunla birgə "istintaqı" aparan digər dövlət orqanları həbs olunmuş icraçı qatillərə təzyiq edirlər ki, onlar cinayəti özbaşına törətdiklərini boyunlarına alsınlar. Yəni, sən demə, zərərçəkmiş kimi rəsmən tanınmış 400 nəfərə yaxın hərbçiyə işgəncə verən cəmi 10-15 nəfər olub. Özü də bunu şəxsi təşəbbüslə ediblər.
Bunu da qoyaq bir yana, bəs necə olur ki, törədilmiş cinayətin "istintaqı" getdiyi bir vaxtda qətliamın 3 fəal iştirakçısı Hərbi Prokurorluqda yüksək vəzifələrə təyin olunur? Buna nə ad verək?"





