QHT Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi Bəyənnamə imzalayıb


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin icrasında əməkdaşlığa dair birgə bəyənnamə imzalanıb.


Sənədi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva imzalayıb.

Bəyənnaməyə əsasən, QHT Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin təşviqi və icrası üçün QHT-lərin səfərbər olunması, regionlarında yerləşən təşkilatların institusional potensialının artırılması, QHT-lərin texniki və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər sahələrdə əməkdaşlıq edəcək. Bundan başqa, tərəflər QHT-lərin ölkədə aparılan bərpa, yenidənqurma və sülh quruculuğu, eləcə də məcburi köçkünlərin münaqişədən sonra Azərbaycanın rayonlarına təhlükəsiz və könüllü qayıdışı təşəbbüslərində iştirakı üçün şəraitin yaradılmasına çalışacaq.

Tədbirdə çıxış edən icraçı direktor Aygün Əliyeva bildirib ki, imzalanmış bəyənnamə çərçivəsində QHT Agentliyi və BMT qeyri-hökumət təşkilatlarının hesabatlılığı və şəffaflığının artırılması, Azərbaycanda QHT sektorunu dəstəkləmək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin institusional potensialının gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək. Eyni zamanda Tərəflərin Dayanıqlı İnkişaf Məqsədlərinə və Azərbaycan Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri”nə nail olunmasını dəstəkləmək məqsədilə strateji əməkdaşlığa, habelə ümumi maraq kəsb edən əsas sahələrlə yanaşı, Covid-19-dan sonrakı dövrdə bərpa işlərində nailiyyətləri və dayanıqlılığı davam etmək üçün sənədin gələcəkdə effektiv nəticə verəcəyinə inanır, bu istiqamətdə Agentliyin üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyimizi əmin edirik.

BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin icrasında qeyri-hökumət təşkilatlarının önəmli rol oynadığını qeyd edən rezident əlaqələndirici Vladanka Andreeva imzalanmış bəyənnamə sayəsində BMT-nin Azərbaycandakı nümayəndəliyi və QHT Agentliyi arasında yeni tərəfdaşlıq dönəmini başladığını vurğulayıb. Xanım Andreeva birgə fəaliyyəti konkretlşdirmək və iş planının hazırlanması üçün hər iki qurumun təmsilçilərindən ibarət işçi qrupu yaradılacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu