Bakıda 4-cü HESTOUREX sağlamlıq turizmi sərgisi öz işinə başlayıb
İyunn 23-də Bakıda 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi sərgisi öz işinə başlayıb.
AFN.az-ın xəbərinə görə, “Baku Crystal Hall” da baş tutan sərginin açılış mərasimində çıxış edən “Aktüel expo”nun İdarə Heyətinin sədri Mehmet Okan Kaya bildirib ki, HESTOUREX sərgisi 2017-ci ildən pandemiya başlayana qədər Türkiyədə düzənli olaraq təşkil edilib və ölkə prezidenti və bir çox nazirliklər, dövlət qurumları tərəfindən dəstəklənib. 4-cü HESTOUREX sərgisi pandemiyadan sonra ilk dəfə keçirilir. Azərbaycanın zəngin termal turizm qaynaqlarına sahib olduğunu deyən çıxışçı bunun Türkiyədə və bütün dünyada tanıdılmasına böyük ehtiyac olduğunu, bu baxımdan da HESTOUREX sərgisinin xüsusi əhəmiyyətini diqqətə çatdırıb.
Türkiyə Özəl Xəstəxanalar və Səhiyyə Təşkilatları Dərnəyinin başqanı Raşat Bahat vurğulayıb ki, pandemiya bir daha göstərdi ki, dünyada insan sağlamlığından önəmli şey yoxdur. Onun sözlərinə görə, Türkiyə sağlıq turizmi sahəsində göstərdiyi xidmətin səviyyəsinə görə dünyada ikinci yeri tutur: “Hazırda Türkiyədə 567 özəl xəstəxana, 400 min səhiyyə işçisi, 50 min nəfər həkim, yüksək səviyyəli xidmət təklif edən minlərlə hotelləri və istirahət mərkəzləri, dünyanın hər yerinə uçuş həyata keçirən hava yolları şirkəti var. Biz buna gərgin əməyimiz, özəl və dövlət sektorunun sıx əməkdaşlığı nəticəsində 30 il ərzində nail olmuşuq. Öz təcrübəmizi məmnuniyyətlə “Bir millət-iki dövlət” olan qardaş Azərbaycanın turizm sektoru təmsilçiləri ilə bölüşməyə hazırıq və bu gün bu məqsədlə buradayıq”.
Azərbaycan Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımzadə son illər Bakının dünyanın bir çox ölkələrindən qonaqlar qəbul etdiyini, onların buradakı qonaqpərvərlikdən məmnun olduqlarını deyib. Qurum yetkilisi Azərbaycanın termal turizm imkanlarının zəngin olduğunu, xüsusilə işğaldan azad edilmiş bölgələrimizdə mövcud olan potensialın tanıdılması üçün geniş işlər görüldüyünü diqqətə çatdırıb.
Daha sonra çıxış edən Türkiyə Xidmət İcracatçıları Birliyinin baş katibi Fatih Özer, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Əbil Ağasıyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və başqaları Azərbaycanla Türkiyə arasında xüsusilə sağlıq turizmi əlaqələrinin daha da genişlənməsində bu sərginin böyük rol oynayacağını qeyd ediblər.
Xatırladaq ki, 4-cü HESTOUREX sərgisinə 22 Avropa ölkəsi daxil olmaqla, dünyanın 65-dən çox ölkəsindən 1000-dən çox sağlamlıq turizmi təşkilatı qatılıb. Türkiyənin də məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin iştirakı ilə baş tutan tədbir iyunun 26-na qədər davam edəcək. Sərgi çərçivəsində çoxsağlı B2B görüşlərin təşkili planlaşdırılır.
Sərgi rəsmi olaraq Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənir.
Fəxriyyə ABDULLAYEVA