Bakıda Türkiyə sağlamlıq turizmi sərgisi keçirilib
Bakıda "Azerbaijan HealthCare & Services Expo 2021” şirkətlərinin təşkilatçlığı ilə Türkiyə həkimlərinin və eləcə də qardaş ölkənin öndə olan səhiyyə ocaqlarının nümayəndələri bir araya gəlib.
AFN xəbər verir ki, tədbir çərçivəsində Türkiyənin 10-dan artıq sağlamlıq turizmi fəaliyyəti ilə məşğul olan şirkəti məhsullarını nümayiş etdirib.
Tədbirin məqsədi Türkiyə ilə Azərbaycan arasında sağlamlıq sektorunu gücləndirmək, bu sahədə qardaş ölkənin ən son texnologiyalarını və müalicə metodlarını Azərbaycan xalqına və peşəkarlara çatdırmaqdır.
Sərgini ziyarət edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev AFN-ə açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycan sağlıq turizmi təmsilçiləri arasında çox yaxın əməkdaşlıq mövcuddur. Lakin pandemiya ilə bağlı bu əlaqələr son vaxtlar bir qədər zəifləyib:"Bu tədbiri əlaqələrimizin yenidən güclənməsi və əvvəlki səviyyəyə qalxması baxımından yüksək qiymətləndirirəm. Bu bir startdır. Bundan sonra qarşılıqlı səfərlərin, daha geniş auditoriyada hər iki ölkənin sağlıq turizmi imkanlarının təbliği məqsədilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. İnşallah, gələn il Bakıda bu sahədə böyük bir forum reallaşdırmağı planlaşdırırıq".
FƏXRİYYƏ