Şəhid olan Aybükenin adı Xocalıya həsr olunan filmindən götürülüb - VİDEO
Türkiyədə yayımlanan "Empati" verilişində təsirli anlar yaşanıb.
AFN xəbər verir ki, "NTV" kanalında nümayiş olunan proqramda 2017-ci il də şəhid olan 22 yaşlı Aybüke Yalçın Batmandan bəhs edilib.
Verilişə dəvət olunan türkiyəli aktrisa Burcu Biricik gənc qızın həyat hekayəsini dinləyərəkən göz yaşlarını saxlaya bilməyib.
Aparıcı şəhid Aybükenin adının Xocalıya həsr olunan filmdən götürüldüyünü bildirib:
"Aybükenin ailəsi uşaqları yox ikən film izləyib. Ekran işi 1992-ci ildə Xocalı faciəsində dünyasını dəyişənlərə həsr edilib. Orada həyatını itirən balaca qızın hekayəsi Aybükenin ailəsini çox təsirləndirib. Xocalıda 613 nəfər həyatını itirib. Dünyasını dəyişən uşaqların biri də Aybüke adlı azyaşlı qız olub. Anası filmdən sonra kövrəlib. Qızı olarsa, ona bu adı verəcəyini bildirib”.
Məlumat üçün bildirək ki, Aybüke Yalçın Batman 2017-ci il iyunun 9-da şəhid olub. Müəllim işləyən Aybüke məktəbdən evə qayıdarkən PKK-nın bələdiyyə sədrinin maşınına etdiyi hücum zamanı xəsarət alaraq vəfat edib.